ABŞ-dakı həmyerlimiz 3D maskaları hazırlayıb xəstəxanalara bağışladı - FOTO

21 Aprel 2020 09:53 (UTC+04:00)
ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan həmyerlimiz Babək Hüseynli 3D formatlı tibbi maskalar hazırlayaraq, yerli xəstəxanalara və təcili yardım mərkəzlərinə bağışlayıb. "Report"un yerli bürosu xəbər verir ki, layihənin ilk mərhələsində 40 ədəd üz qoruyucusu və ağız üçün plastik maskalar hazırlayan həmyerlimiz bunun üçün 3D printerindən istifadə edib. Pandemiyanın geniş yayıldığı ABŞ-da bu avadanlıqların xüsusilə çatışmazlığını görən B.Hüseynli xəstəxanalarla əlaqə yaradaraq lahiyənin icrasına başlayıb. O, internet vasitəsilə 3D printeri olan könüllülərlə əlaqə yaratdığını, layihəni uğurla davam etdirdiyini və bir ay ərzində ümumilikdə 150 tibbi maskanın hazırlanacağını deyib. B.Hüseynli könüllü olaraq hazırladığı maskaların xəstəxanalarda işləyən tibb işçiləri tərəfindən bəyənildiyini qeyd edib. Qeyd edək ki, B.Hüseynli hazırda Texasda "Hess Corporation" beynəlxalq neft şirkətində maliyyə meneceri işləyir.