Dövlət aztəminatlı ailələri yenə darda qoymadı

21 Aprel 2020 11:50 (UTC+04:00)
Aydın Quliyev: "Yardım alan insanların sayının 200 mindən 600 minə qaldırılması həm dövlətin yürütdüyü siyasətdə sosial istiqamətin öndə olmasının, həm də ölkənin iqtisadi gücünün yüksək səviyyədə olduğunun ifadəsidir" Aydın Mirzəzadə: "İlk dövrdə nəzərdə tutulan rəqəmin artırılması Azərbaycan dövlətinin müvəqqəti işini itirən hər bir kəsin problemini öz üzərinə götürməsilə bağlıdır" "200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir". Xatırladaq ki, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib. Ölkə başçısının fikrincə, aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir. Prezident bildirib ki, yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb: "İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın". Politoloq Aydın Quliyevin fikrincə, yardım alacaq insanların sayının 200 mindən 600 minə qaldırılması dövlətimizin iqtisasdi gücünün təzahürüdür: "Birmənalı şəkildə yardım alanların sayının 200 mindən 600 min manata çatdırılması onun ifadəsidir ki, ölkəmizdə pandemiya ilə ağır mübarizənin getməsinə baxmayaraq, əhalinin sosial rifahına yönəlik müəyyən sosial proqramların həyata keçməsi də diqqətdən yayınmayıb. Dövlətimiz, hətta belə çətin şəraitdə də insanlarımızın sosial rifahına müsbət təsir göstərən layihələrin icrasını davam etdirir. Birdən-birə yardım alan aztəminatlı insanların sayının 200 mindən 600 minə qaldırılması bir tərəfdən dövlətin yürütdüyü siyasətdə sosial istiqamətin öndə olduğunu göstərir, o biri tərəfdən isə ölkənin iqtisadi gücünün yüksək səviyyədə olduğunun ifadəsidir. Eyni zamanda həm də onun ifadəsidir ki, Azərbaycan cəmiyyətində yardıma ehtiyacı olanlar heç zaman dövlətin qayğısı və yardımından kənarda qalmır. Onu da deyim ki, yardım edilənlərin sayının 600 min olması heç də son hədd deyil. Belə görürəm, dövlət yardım alanların sferasını genişləndirmək istiqamətində bir sıra digər addımlar da atacaq. Çünki bir tərəfdən buna dövlətin geniş imkanları var, digər tərəfdən isə koronavirusun təsiri altında ölkədə iqtisadi fəallığın müəyyən dərəcədə azalması, iş yerlərinin sayının obyektiv olaraq aşağı düşməsi buna müəyyən tələbat yaradacaq. Yəni 600 min son hədd deyil, yardım göstərilənlərin sayının artırılacağını düşünürəm". Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, bu addım dövlətimizin hər bir azərbaycanlının yanında olduğunun bir daha əyani sübutudur: "İlk dövrdə nəzərdə tutulan rəqəmin artırılması Azərbaycan dövlətinin müvəqqəti olaraq işini itirən hər bir kəsin problemini öz üzərinə götürməsilə bağlıdır. İnsanlarımızın bir qismi özəl sektorda işləyib. Çox təəssüf ki, özəl sektorda çalışan sahibkarlar əksər hallarda öz işçilərilə müqavilə bağlamayıb. Bu situasiyadan irəli gələrək sözügedən problem də ortaya çıxdı. Bunun günahkarı əlbəttə ki, işçi deyil. Ona görə dövlət həmin kateqoriyaya da sahib çıxdı. Onlar işsiz kimi qeydiyyata alındı. Həmçinin bu kateqoriyadan olan insanların ali məktəbdə ödənişli təhsil alan övladlarının təhsil haqqının ödənilməsini də dövlət öz üzərinə götürüb. Bununla da xüsusi karantin rejimində Azərbaycan dövləti hər kəsin sosial durumunu öz diqqətində saxlayır. Prezident İlham Əliyevin vaxtilə prezident seçiləndən sonra söylədiyi "hər bir azərbaycanlının prezidenti olacağam" fikri bugünkü real işlərdə öz əksini tapıb". R. SOLTANOV