Novruz Cəfərov: "Bu gün uşaqların tamaşalara baxmamağının, getməmələrinin nəticəsi bir neçə ildən sonra özünü açıq-aşikar büruzə verəcək"
Uşaqlar üçün nəzərdə tutulan tamaşalara üz tutan balacaların sayının azlığı teatr aktyorlarını da narahat edir. Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov uşaq tamaşalarına maraq azlığının olması barədə Mövqe.az-a açıqlamasında maraqlı fikirlər səsləndirib. . Aktyor bu barədə fikirlərini belə ifadə edib: "Bizdə heç bir valideyin özünün uşağını sərbəst necə böyüdüb tərbiyə etdiyinin fərqində deyil. Əgər "Maşa və Medved"ə kütləvi axın olubsa, bu tamaşanın təşkili ya yaxşı olub ya da ki, uşaqlarını ora aparan valideyinlər elə düşünüblər ki, tamaşada yəqin yüksək elitadan kimlərsə olacaq və qoy görənlər desinlər ki, filankəs də uşaqlarını tamaşaya gətirmişdi".
Aktyor həmçinin qeyd edib ki, bu gün
uşaqların tamaşalara baxmamağının, getməmələrinin nəticəsi bir neçə
ildən sonra özünü açıq-aşikar büruzə verəcək: "Əslində, bu proses
artıq özünü büruzə verir də... Bu gün
gənclərin çoxunda dayaz düşüncə, məntiqsizlik ve intellekt
zəifliyinin yaranması prosesi gedir. Uşaq kiçik yaşlarından
görməyi, gördüyünü danışmağı və ən azından tamaşada pis və yaxşının
harda və necə təzahür etdiyini sərbəst şəkildə ifadə etməyi
öyrənməlidir. Təəssüf ki, tamaşaya baxmadıqları, getmədikləri üçün
bizim uşaqlar bu təcrübədən məhrum olurlar. Məktəb uşağın
təhsilində nə qədər vacibdirsə, teatr da uşağın dünyagörüşü və
tərbiyəsində o qədər önəmlidir. Mən bunu Şəki Teatrı yarananda
gördüyüm tamaşalarla böyümüş uşaqlarla bugünkü uşaqların fərqində
çox müşahidə etmişəm...".