Məqsədyönlü tədbirlər Azərbaycanda pandemiyanı önləməyə imkan verdi

23 Aprel 2020 09:21 (UTC+04:00)

Çinin Uhan şəhərindən başlayaraq bir-bir ölkələri “fəth” edən koronavirus dalğası hələ Azərbaycana çatmamışdan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə hökumət qurumları fəaliyyətə başladı. Bu işin ciddiliyi əvvəlcədən düzgün qiymətləndirildiyinə görə, lazımı tədbirləri vaxtında görmək mümkün oldu. İlk gündən bütün qüvvələrin səfərbərliyə alınması da öz sözünü dedi. Belə ki, təkcə Səhiyyə Nazirliyi deyil, bütün dövlət qurumları virusun qarşısının alınması işində fəallıq göstərirlər. Dövlətin sərhəd və gömrük xidmətindən tutmuş qida təhlükəsizliyi idarəsinə kimi bütün sahələrdə iki aya yaxındır ki, profilaktik tədbirlər həyata keçirilir.

Prezidenti İlham Əliyevin bu məsələyə həssas münasibət göstərməsi  koronavirusla mübarizə və onun qarşısının alınması ilə məşğul olan əlaqədar qurumların məsuliyyətini daha da artırıb.

Təsadüfi deyil ki, ÜST Azərbaycanın koronavirusla mübarizədə vəziyyətə nəzarət etməsini yüksək qiymətləndirib. Təşkilat virusa yoluxanları mümkün qədər nəzarət altında saxlamaq, bütün mümkün fəsadlardan yayınmaq məqsədilə ölkənin səhiyyə ocaqlarında profilaktik tədbirlərin təşkili ilə bağlı görülən işlərdən razı qalıb. Təşkilatın mütəxəssisləri tərəfindən vəziyyətin stabil qiymətləndirilməsi çox müsbət haldır.

Təhsil ocaqlarında tədrisin dayandırılması, əhalinin sıx toplaşdığı yerlərdə, istehsal sahələrində, mədəniyyət ocaqlarında müvəqqəti olaraq işin dayandırılması və ölkə üzrə karantin rejiminin tətbiqi çox düzgün verilmiş qərardır. Çünki həyatı təhlükə olmasa belə, ailələr övladlarının taleyi üçün narahatlıq keçirə, psixoloji cəhətdən pis vəziyyətə düşə bilərdilər. Hökumətin həyata keçirdiyi tədbirlər sadəcə, tibbi nöqteyi-nəzərdən deyil, həm də Azərbaycan vətəndaşının, cəmiyyətin rahatlığını, məmnunluğunu təmin edən addımdır. Bütün bu işlərin görülməsi bilavasitə dövlət başçısının xalqa ürəkdən xidmət etməsi, vətəndaşlıq mövqeyi, dövlətimizin sosial mahiyyətindən irəli gələn böyük humanizmdir.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev cari ildə əldə edilən iqtisadi, sosial, siyasi uğurlar, eləcə də koronavirusla bağlı mövcud vəziyyət, ilin sonuna qədər həyata keçiriləcək proqramlar və islahatlar barədə geniş danışıb. Pandemiya dövründə müasir texnoloji imkanlardan istifadə edərək əhalini maraqlandıran məsələlərlə bağlı belə bir toplantının keçirilməsi, ötən dövrün təhlili və gələcəkdə görüləcək işlərlə bağlı əhalinin məlumatlandırılması və perspektiv planların müzakirəsi əsl liderlik göstəricisi kimi gündəmə damğa vurub. Çünki ötən illər ərzində Azərbaycanın ictimai-siyasi həyatında sınaq dövrləri az olmayıb və hər dəfə Azərbaycan Prezidenti öz işinin öhdəsindən layiqincə gəlib və xalqın yanında olmaqla vətəndaşlara həyan olub.

Koronavirusla mübarizə sahəsində sistemli iş qurulması birbaşa dövlətə rəhbərlik edən şəxsdən asılıdır və bu gün biz inamla öz prezidentimizin fövqəladə qabiliyyətindən fərəhlə danışırıq.

Azərbaycanda vəziyyətin nəzarət altında olması, ölkəmizdə koronavirusla bağlı həyata keçirilən tədbirlər nəticəsində pandemiyanın geniş əl-qol açmasına imkan verilməməsi, xəstəlikdən itkilərin minimuma enməsi dövlətimizin başçısı İlham Əliyevin müstəsna xidmətidir.

Bu sahədə Azərbaycanın təcrübəsinin digər dövlətlər tərəfindən də öyrənilməsi dediklərimizin sübutuna ciddi misaldır.  Prezident İlham Əliyevin söylədiyi fikirlər onun Azərbaycan xalqına verdiyi dəyərin necə ali məqsəd olduğunu təsdiqləyir: “Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Azərbaycan xalqı əmindir ki, hökumət bundan sonrakı dövrdə koronavirus pandemiyası ilə əlaqədar ən düzgün qərarları verəcək. Prezidentin də dediyi kimi, əsas məsələ vətəndaşların sağlamlığı, onların həyatıdır. Mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli istiqamətində dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir.

Vətəndaşların qayğıları daim dövlətin diqqətindədir”.

Əgər bu gün dünya çatında “COVİD-19” insanlara düşməndirsə, Azərbaycan da bu virusun qəniminə çevrilib. Ona görə ki, qarşısını almaqda ciddi uğurlar əldə edib. Necə deyərlər, “koronavirusun bazarı Azərbaycanda bağlanıb”.

N.NOVRUZ