Neft qiyməti ətrafında müəmmalı vəziyyət yaranır

23 Aprel 2020 11:00 (UTC+04:00)

“Goldman Sachs” bankı neft bazarında anbarların sürətlə dolmasının istehsalın kəskin azaldılmasına səbəb olacağını və bunun da, öz növbəsində, neft qiymətlərinin artmasına gətirib çıxaracağını proqnozlaşdırır. Məlumata görə, volatillik yüksək qalacaq, lakin bazarda məlum səbəblərdən azalan istehsalın qiymət artımına gətirib çıxarmasının yaxın həftələrdə baş verəcəyi gözlənilir. Bu ssenari mümkündürmü?
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban əksinə, düşünür ki, yaxın dövrdə neftin qiyməti bahalaşmayacaq: “Goldman Sachs” bankının bu informasiyası əslində köhnə məlumatdır. Bankın verdiyi həmin proqnoz özünü artıq aprel ayının ilk 15 günündə göstərdi. Həmin dövrdə pandemiya ilə əlaqədar karantin rejiminə keçən ölkələrin sayının artmasına baxmayaraq neftin qiyməti aşağı gedirdi deyə, alıcılar ehtiyat neft toplamağa başladılar. Bunun da nəticəsində aprel ayının əvvəlində neftin qiyməti düşərək 21-24 dollar   ətrafında olsa da, OPEK hasilatın azalması ilə bağlı anonslar verdi.  Nəticədə OPEK-in razılaşması ilə neftin qiyməti təxminən 10 gün müdətində 30 dollardan da yuxarı həddə oldu. Belədə istehlakçılar neft almaqla özlərinin anbarlarını tam doldurdular. Ardınca lazımi qədər yığdıqdan sonra alışı dayandırdıqlarından neftin qiyməti də düşdü. Bu da normal baxışdır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar karantinin ilk dövründə bir müddət daha çox mal-məhsul almaq üçün kütləvi şəkildə marketlərə axışmışdılar. Lakin indi marketlərdə məhsul almağa gələn adamları az qala barmaqla saymaq olar. Neft məsələsində də həmin məqam hökm sürür. Alıcıların hamısı öz tələbini ödəyərək, lazımi dərəcədə ehtiyat yığıb. Nəticədə bazarda təklif olsa da alan yoxdur. Bu gün “Brent” neftinin qiyməti 17 dollaradək ucuzlaşıb. Özü də bu iyu ayının kontraktlarına aiddir. Amma əvvəl may ayının kontraktı bundan 10 dollar yüksək idi. İyul-avqust kontraktları 30 dollardan yuxarı səviyyədə idi. Hazırda ölkələr pandemiyadan tədricən çıxmağa doğru istiqamət götürsələr də, qlobal iqtisadi böhran dalğasının gəlməsilə əlaqədar olaraq neftə tələbatın artmayacağı proqnozlaşdırılır. Alıcı ölkələr də ehtiyat görüb. Çin kimi ölkənin 52 günlük ehtiyatı var”.
Xəzər Universitetinin professoru Fuad Rəsulovun fikrincə, anbarlardakı ehtiyatlar azalandan sonra neftə tələb yaranacaq və qiymət bu fonda qalxacaq: “Hazırda neftin satışı məsələsində hətta bəzi günlər mənfi qiymətləri də gördük.  Bugünkü gündə neftin qiyməti heç də hasilatdan asılı deyil.
Hazırda o qədər hasil olunub ki, anbarlar da dolub. Ona görə sabahdan bütün ölkələr hasilatı yarıbayarı azaltsa da, hasil etdiklərini hardasa yerləşdirə bilməyəcəklər.. Çünki tələb yoxdur. Demək olar ki, bütün istehsal dayanıb.  Belədə indi neftə ehtiyac yoxdur.  Karantin götürülsə belə, əvvəlki durum dərhal bərpa olunmayacaq. Ən azından ölkə daxilində əvvəlki vəziyyətin bərpası üçün  yarım il, bir il tələb olunacaq.
Tələb olmayan yerdə qiymətlər qalxa bilməz. Bir müddət lazımdır ki, anbarlarda yığılan ehtiyatlar azalsın. Ehtiyatlar azalandan sonra yenidən nefti yerləşdirməyə yer olacaq ki, nəticədə tələb də yaranacaq. Bu fonda da qiymətlər qalxacaq. Ancaq bu qiymət qalxması yaxın zamanda özünü göstərməyəcək, ilin sonuna doğru baş verəcək. Həmçinin bahalaşan qiymət 30 dollardan çox olmayacaq”.
R. SOLTANOV