Qazaxıstanın paytaxtı Astanada gənc istedadların "Şattık" beynəlxalq festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, 2013-cü il iyulun 5-8-də gerçəkləşən tədbir Astana şəhərinin paytaxt elan olunmasının 15 illik yubileyi və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin doğum günü münasibətilə təşkil edilən şənliklər çərçivəsində baş tutub.
Musiqi bayramı Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyi, Astana Şəhər Hakimiyyəti təşkilatçılığı ilə reallaşıb. Açılışda iştirak edən Prezident Nursultan Nazarbayev festivala qatılmış gənc istedadları salamlayıb, onlara uğurlar arzulayıb.
Festivalda ölkəmizi Bakı şəhərindəki G.Şaroyev adına 35
nömrəli musiqi məktəbinin
şagirdi Emin Eminzadə təmsil edib. Gənc vokalçımız "Bessame Mucho",
"Cry me a River" və dünya şöhrətli müğənni və bəstəkar Müslüm
Maqomayevin "Azərbaycan" mahnılarını oxuyub. Onun ifası sürəkli
alqışlarla qarşılanıb. Emin Eminzadə festivalın baş mükafatı olan
kubok-diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Azərbaycanlı gənc ifaçı festivalın qala-konsertində də qalib kimi
çıxış edib.