Kim Çeni əvəzləyəcək “Dəmir ledi”

28 Aprel 2020 09:17 (UTC+04:00)
Dünya mediası Kim Çen İnin ciddi xəstə olduğunu, "Nyu York Post" isə artıq dünyasını dəyişdiyini yazır. Əgər bu iddialar doğrudursa, onun yerini kifayət qədər nüfuza malik kiçik bacısının tutacağı ehtimal olunur. Şimali Koreyanın lideri Kim Çen İn 10 gündən çoxdur ictimaiyyət qarşısında görünmür. ABŞ kəşfiyyatının məlumatına görə, ürək əməliyyatından sonra o, hazırda ağır vəziyyətdədir. Yaponiyanın "Yomiuri" qəzetindəki mənbələrə görə isə Kim Çen İn ölərsə, onun kiçik bacısı Kim Yo-Yonq hakimiyyətin başına keçəcək. Kim Yo-Yonq gəncliyindən siyasətlə məşğuldur və qardaşı 2011-ci ildə hakimiyyətə gəldikdən sonra onun ən yaxın silahdaşı olub. O, partiyanın təbliğat şöbəsinə rəhbərlik edir və Kim Çen İnlə birlikdə bir sıra dünya liderləri ilə görüşlərdə iştirak edib. Hakimiyyət uğrunda mübarizədə qohumları arasında onun rəqibi yoxdur. Ancaq bəzi analitiklər hesab edirlər ki, patriarxal Şimali Koreya cəmiyyətində qadının ölkədə ən yüksək mövqe tutma şansı azdır. Bəs Kim Yo-Yonq KXDR-in ən nüfuzlu şəxslərindən birinə necə çevrilib və nə üçün Kim Çen İnin rəqibsiz varisi olub? Kim Yo-Yonq Kim Çen İnin kiçik bacısıdır. Dəqiq yaşı məlum deyil, müxtəlif mənbələrə görə 1987, 1988 və ya 1989-cu ildə anadan olub. Qardaşının hakimiyyətinin ilk günündən onun yanında olub. Qardaş-bacının dostluğu çox güman ki, 90-cı illərin sonlarında başlayıb. Onlar birlikdə İsveçrədəki özəl məktəbdə təhsil alıb, xüsusi mühafizə və izolyasiya altında ayrı bir evdə yaşayıblar. Şimali Koreyanın keçmiş lideri Kim Çen İr 2002-ci ildə kiçik qızının siyasi karyera qurmaq istədiyini açıqlamışdı. 2007-ci ildə Kim Yo-Yonq Koreyanın hakim İşçi Partiyasına üzv olur. 2008-ci ildə Kim Çen İrin bir neçə dəfə insult keçirməsindən sonra onun sağ əli kimi fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, o, qardaşı Kim Çen İnin atasının varisi roluna hazırlanmasında yaxından iştirak edib. Lakin bir müddət sonra xanım Kim nadir hallarda ictimaiyyətdə görülməyə başlayır və onun adı dövlət mediasında görünmür. 2010-cu ildə bir partiya konfransında o, təsadüfən obyektivlərə tuş gəlir, 2011-ci ildə isə atasının cənazəsində mediada fotoları yayılır. Şimali Koreya mediası ilk dəfə Kim Yo-Yonqun 2014-cü ilin mart ayında, KXDR-in ən yüksək qanunverici və təmsilçi orqanı olan Ali Xalq Məclisinə seçkilər zamanı qardaşını müşayiət etdiyini rəsmi olaraq bəyan edir. Və bir il sonra o, de-fakto partiya təbliğat və təşviqat şöbəsinin müdiri olur. Onun əsas vəzifəsi Kim Çen İnin, o cümlədən, hakim partiyanın ölkə daxilində və xaricdəki piarıdır. Kim Yo-Yonq: - 26 sentyabr 1987-ci ildə anadan olub (digər mənbələrə görə, 1988 və ya 1989), Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin ən kiçik övladıdır. - 1996-2000-ci illərdə İsveçrənin Bern şəhərində ibtidai məktəbdə təhsil alıb. - 2007-ci ildə Pxenyandakı Kim Il Sung Universitetini kompüter elmləri ixtisası üzrə bitirib, Koreyanın hakim İşçi Partiyasına (TPK) üzv olub. - 2012-ci ildə Milli Müdafiə Komissiyasında turizm meneceri vəzifəsinə qəbul edilib. - 2014-cü ilin yanvar ayında ordunun maddi təchizatı ilə ilə məşğul olan TPK-nın 54-cü şöbəsinin müdiri vəzifəsi də ona həvalə edilib. Mart ayında Ali Milli Məclisə seçilib. - 2014-cü ilin noyabr ayında TPK Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini təyin edilib. - 2017-ci ildə TPK Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv olub; eyni ildə ABŞ Maliyyə Nazirliyi KXDR-də insan hüquqlarını pozduğuna görə onu "qara siyahı"ya daxil edib. 2018-ci ilin fevral ayında Koreya Müharibəsindən sonra ilk dəfə hakim ailədən olan Kim Cənubi Koreyaya səfər edib. Təhlilçilər yekdilliklə xanım Kimi ölkənin ikinci şəxsi adlandırırlar. Onun siyasi karyerasında yeganə qaranlıq nöqtə keçən ilin mart ayında Vyetnamda Donald Tramp ilə danışıqların uğursuz olmasıdır. Bu uğursuzluğa görə Kim Çen İn bacısını günahlandırmış və hətta onu siyasi bürodan qovmuşdu. Ancaq bu, onun siyasi hakimiyyətdən əbədi olaraq uzaqlaşdığı demək deyil. O, 2020-ci ilin mart ayından etibarən Şimali Koreya rəhbərliyi adından beynəlxalq səviyyəli açıqlamalar verməyə davam edir və keçən həftə Siyasi Büroda yenidən işə başlayıb. Kim Çen İnin uşaqları hələ çox kiçikdir - böyüyünün cəmi 10 yaşı var. Böyük qardaşlarından biri heç vaxt siyasətlə maraqlanmayıb və özünü tamamilə gitara ifaçılığına həsr edib. Digəri uzun müddət sürgündə yaşayıb və 2017-ci ildə Kuala Lumpur Hava Limanında öldürülüb. Kim Çen İnin 65 yaşlı əmisi var. Ancaq o, iyirmi ilə yaxındır ki, Avropada diplomat kimi fəaliyyət göstərir və daxili partiyalardakı yüksəlişlərdə iştirak etməyib. (Axar.az)