Ərəb ölkələrində ahıl kişilərin yaşca özlərindən xeyli kiçik qadınlarla evlənməsi adi, trivial olay sayılır. Lakin İraqda yaşayan kəndli "yaşın nə fərqi var?!" deyənləri belə, heyrətə sala biləcək addım atıb.
92 yaşlı Musali Məhəmməd əl Mujamiənin arvadı 3 il əvvəl 58 yaşında vəfat etmişdi.
16 övladı olan Musali dul qalandan sonra darıxmağa başladığını deyib.
"92 yaşım olsa da, özümü 20 yaşlı oğlan kimi hiss edirəm. Arvad öldü, dul qaldım. Övladlarım çoxdur, amma Allah məni arvadsız qoymuşdu və özümü yaxşı hiss etmirdim. Yenidən evlənməyə qərar verdim. İnşallah, yaxşı olar", - Musali əl Mujamiə deyib.
İraqın mərkəzindəki Səmarra şəhərinin yaxınlığındakı Gübban kəndində yaşayan iraqlı kəndli özündən 70 yaş kiçik xanımla evlənib.
92 yaşlı təzə bəyin gəlini 22 yaşlı Muna Muxlif əl Cuburidir.
Musali Mujamiənin toyu onun 16 və 17 yaşlı iki nəvəsinin toyu ilə birlikdə olub.
"Üçqat toyda ər-arvad olduq. Toyumu nəvələrimin toyu ilə eyni günə saldım ki, üçqat toyda daha bəxtəvər olaq. Nəvələrimin bu bəxtəvər gününə sevinirəm. Babayam və onların xoş günlərini görmək ən böyük arzumdur. Allah mənə də rəhm etdi, nəvələrimin toyuna öz toyumu qatdım", - Musali Məhəmməd əl Mujamiə söyləyib.