Gənclər Təşkilatlarının IV Milli Konqresi onlayn qaydada keçiriləcək

28 Aprel 2020 14:00 (UTC+04:00)
Mayın 1-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı, ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresi işə başlayacaq. Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVİD-19 virusuna qarşı mübarizədə bir araya gətirmək, idarəetmənin effektiv mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatının potensialını gücləndirməkdir. Bununla yanaşı, forum zamanı gənclər təşkilatları üçün prioritet istiqamət və vəzifələrlə bağlı qərarların qəbul edilməsi də diqqət mərkəzindədir. İki günlük konqres zamanı gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı, millət vəkilləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatlar və biznes qurumları nümayəndələrinin çıxışları dinləniləcək. Eyni zamanda, "Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar", "Gənclər təşkilatlarının keyfiyyət əmsalı" mövzuları ətrafında müxtəlif istiqamətlərdə panel müzakirələri aparılacaq. Bunlar rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatlarının gənclər üçün göstərdiyi xidmətlər və təlimçilərlə işin təşkilidir. Konqresin keçirilmə təşəbbüsü ilk dəfə Prezident İlham Əliyevin 2012-ci ilin noyabrında Gənclər Təşkilatlarının IV Respublika Sərgisini ziyarət etdiyi vaxt səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015 və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib. Qeyd edək ki, Gənclər Təşkilatlarının IV Milli Konqresinin I günü mayın 1-i saat 12:00 - 14:00-da, II günün 1-ci hissəsi mayın 2-si saat 12:00 - 13:30-da, 2-ci hissə isə 17:00 - 18:45-da baş tutacaq. Tədbirdə iştirak üçün müraciətlər onlayn qeydiyyat vasitəsi ilə qəbul olunur. Qeydiyyat üçün son tarix 29 aprel saat 18:00-dəkdir. Qeydiyyat üçün link: https://bit.ly/2VGec5r Forum "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 5.2.19 (Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq) yarımbəndinin icrası məqsədilə baş tutur.