Bu virus hər il baş qaldıra bilər - Açıqlama

28 Aprel 2020 15:03 (UTC+04:00)
Karantinin yumşaldılması prosesindən istifadə edərək qaydaları çeynəmək yeni risk yarada bilər". Bunu Publika.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist vurğulayıb ki, karantin rejiminin yumşaldılması prosesi davamlı olaraq yoluxma hallarının azalması ilə bağlıdır: "Xüsusi rejimin anidən ləğvi real görünmür. Qeyd etmək istəyirəm ki, yumşaldılma prosesindən istifadə edərək arxayın olmaq müsbət nəticələrə çıxarmaya bilər. Vətəndaşlarımız bütün tövsiyələrə əməl etməlidir. Gigiyena qaydalarını gözləmək həm sağlamlıq baxımından, həm də virusdan qorunmaq üçün vacibdir". C.İsayev virusun tam təsirini itirəcəyi günlə bağlı fikirlərə belə aydınlıq gətirib: "Koronavirusun təsirini tam itirməsi ilə bağlı iki fikir irəli sürülür. Analizlərə əsasən qeyd olunur ki, iyunun axırına qədər tam təsirini itirəcək. İkinci versiya isə odur ki, hər il mövsümi respirator virus infeksiyası kimi baş qaldırıb, yayılacaq. Bu iki variant gözləniləndir. Xüsusilə ikinci versiya reallaşarsa, onun vaksininin hazırlanması gündəmdə olan məsələ olacaq. Azərbaycanda koronavirusa yoluxmanın pik həddi müşahidə edilmədi. Bu isə dövlətin həyata keçirdiyi sistemli və düzgün tədbirlər planının uğurlu icrası ilə bağlıdır".