Sahibkarlar üçün sosial sığorta yükü 2-4 dəfəyədək azaldılır

28 Aprel 2020 15:10 (UTC+04:00)
"Sosial sığorta haqqında" qanuna təklif edilən yeni dəyişiklik layihəsində sosial sığorta yükünün ümumilikdə 2-4 dəfəyədək azaldılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Vergi qanunvericiliyinin təkmilləşdirmə şöbəsinin rəisi Elnur Yusifov deyib. Onun sözlərinə görə, 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqı 250 manata qaldırılıb və bu da müəyyən mənada sosial sığorta yükünün artımına səbəb olub. Belə ki, muzdsuz işçi cəlb etmədən fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri üçün sosial sığorta yükü minimum əməkhaqqının müəyyən faizi nisbətində hesablanır. Sığorta yükü ticarət və tikinti sahəsi üzrə 50 faiz, digər sahələrdə 25 faiz müəyyən edilib. Yeni dəyişikliklərdə isə 1 aprel tarixindən 50 faizlik sığorta yükünün 25 faizə, 25 faizlik sığorta yükünün isə 15 faizə endirilməsi təklif olunur.