Bakıda sürücü ilə mübahisə edən şəxs həbs edildi

28 Aprel 2020 16:02 (UTC+04:00)
Suraxanı Rayon Məhkəməsi sürücülər arasında baş verən insidentə səbəb olan şəxs barəsində qərar çıxarıb. "Report"un xəbərinə görə, məhkəmənin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati həbs edilib. ***15:04 Bakıda sürücülər arasında baş verən insidentə səbəb olan şəxs tapılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, faktla ələqədar olaraq, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları həmin sürücünü aşkar edərək bölməyə dəvət edib: "Həmçinin şikayətçi də polis bölməsinə dəvət edilərək araşdırılma aparılıb. Müvafiq sənədlər toplanılıb və tədbir görülməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Bu işlə bağlı qərarı məhkəmə verəcək. Həmin vaxt sürücü qaçmayıb. Bildirib ki, evində şəkər xəstəliyindən əziyyət çəkən valideyni olub. Həmin vaxt da ona dərman aparırmış". Qeyd edək ki, sosial şəbəkələrdə aprelin 26-da Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək ondan yol istəməsi barədə məlumat yayılıb. Belə ki, qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib.