Binəqədi icra hakimiyyəti vətəndaşın şikayəti ilə bağlı açıqlama verdi

29 Aprel 2020 10:05 (UTC+04:00)

Vətəndaş Əliyeva Yaqut Höküməli qızının söylədikləri əsasında “Youtube” sosial şəbəkəsində yayılan videomaterial Binəqədi rayon İcra Hakimiyyəti (RİH) tərəfindən araşdırılıb.

RİH-dən Mövqe.az-a bildirilib ki, araşdırma nəticəsində Yaqut Əliyeva tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş dörd müraciətin qanunamüvafiq qaydada baxılaraq rəsmi cavablandırıldığı məlum olub:

“Məlumat üçün qeyd edək ki, Əliyeva Yaqut Höküməli qızı və həyat yoldaşı Əliyev Nahid İman oğlu 2008-ci ildə yaşadıqları Astara rayonundan Bakı şəhərinə gələrək, “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon deposunun çeşidləmə məntəqəsində, dəmir yolu xəttinin mühafizə zonasında, heç bir kommunikasiya xətləri və müvafiq icazə sənədi olmayan ərazidə taxta materiallardan ibarət tikili quraşdıraraq orada məskunlaşıblar. 2017-ci ilin aprel ayında mühafizə zonasında qanunsuz məskunlaşmış ailələrin tikililərində baş vermiş yanğın zamanı aralarında Yaqut Əliyevanın da məskunlaşdığı tikili olmaqla, 10-a yaxın taxta materiallardan ibarət tikili tamamilə yanıb. Yanğın hadisəsindən sonra müvafiq qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində mühafizə zolağında sözügedən tikililər sökülüb. Həmin tədbirlərdə rayon icra hakimiyyəti iştirak etməyib”.

RİH-in açıqlamasında bildirilib ki, Əliyeva Yaqut Hökməli qızı dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon rəhbərliyinin və digər vəzifəli şəxslərin qəbullarında olub:

“Qəbul zamanı Yaqut Əliyevanın həmin ərazidə yenidən fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında müraciətlərinə, sözügedən ərazinin dəmir yolu xəttlərinin mühafizə zonasında yerləşdiyindən hər hansı bir tikinti və sənədləşdirmə işlərinin aparılmasının mümkün olmadığı barədə geniş izahat verilib. Eyni zamanda, vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müxtəlif vaxtlarda ünvanladığı müraciətlər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində təmin edilib, Vətəndaş Yaqut Əliyeva əlamətdar günlərdə rayon ərazisində həyata keçirilən bütün humanitar aksiyalarda nəzərə alınıb.

Vətəndaşın onunla kobud rəftar edilməsi ilə bağlı iddiaları isə tamamilə əsassızdır”.