Taksi sürücüləri və yol polislərinin birgə işi
12 May 2012 11:58 (UTC+04:00)
""Eurovision- 2012" Mahnı Müsabiqəsinə ictimai dəstək-tariximizin
və mədəniyyətimizin təbliği" adlı yeni layihə çərçivəsində bir neçə
maarifləndirici tədbir keçirilib. Lent.az xəbər verir ki, layihəni
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və Bakı şəhər
Dövlət Yol Polisi İdarəsi birgə icra edir. Layihə çərçivəsində
mayın 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə çap etdirilən buklet və kitabçaların
paylanmasına start verilib. Bukletdə Azərbaycan və onun işğal
olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatla
yanaşı, istirahət mərkəzləri, otellər, dini obyektlər, müxtəlif
xidmət barədə məlumatlar Azərbaycan və ingilis dilində əksini
tapıb. Şəhərimizə gələn qonaqlar bu bukletlərin köməyi ilə sərbəst
hərəkətə edə bilərlər. Azərbaycan və ingilis dillərində söz və söz
birləşmələrinin əks olunduğu kitabça taksi sürücülərinə, yol polisi
əməkdaşlarına pulsuz paylanır. "Jurnalistika və İnkişaf Mərkəzi"nin
sədri Elməddin Muradlı bildirib ki, may ayı ərzində bu işlər
mütəmadi olaraq həyata keçiriləcək. Bakı şəhər DYP-nin bölmə rəisi
Vaqif Əsədov isə bildirib ki, "Jurnalistika və İnkişaf Mərkəzi"nin
layihəsi onlarda maraq doğurduğu üçün bu işi dəstəkləyirlər.
Qeyd edək ki, mayın 11-də Jurnalistika və İnkişaf Mərkəzinin və
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakının Yasamal
rayonu ərazisində taksi sürücülərinə buklet və kitabçalar
paylayıblar. Sürücülərin əksəriyyəti bu kitabçalara böyük ehtiyac
duyduqlarını və bu vəsaitlərdən faydalanacaqlarını bildirib.