Bakıda ağacların dibini betonlayan şirkət cəzalandırıldı

29 Aprel 2020 17:53 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Mövqe.az-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib: "Ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya Nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib”.