Rusiya və Ermənistan siyasi müharibə yolunda

30 Aprel 2020 08:30 (UTC+04:00)

 

2008-ci il martın 1-də Ermənistanda hakimiyyət uğrunda mübarizənin qurbanları olmuş vətəndaşların qatillərinin mühakiməsi ətrafında başlanmış İrəvan-Moskva dartışması yeni mərhələyə daxil olub. İnqilab adı ilə hakimiyyət kürsüsünü zəbt etmiş Nikol Paşinyan yerini möhkəmlətmək və ölkəsinin başı üzərində Rusiyanın təsirini azaltmaq üçün 1 mart hadisələrini hədəf seçib. Bu da təsadüfi deyil. Nəinki ermənilər, bütün dünya bilir ki, bu hadisələrin əmri Kremldən gəlib. İrəvanda düşünürlər ki, hətta “atəş” əmrinin anonsu da Kremlə məxsusdur. Sadəcə, icraçılar ermənilərdir ki, bunların da başında Robert Koçaryan və Serj Sarkisyan durublar.

Bütün bu məsələlərin hazırkı durumunu hədəf götürən siyasi şərhçi Tevos Arşakyan mətbuatda dərc etdirdiyi məqaləsində yazır ki, ölü nöqtədən tərpənmiş 1 mart işi Rusiyanın xoşuna gəlmir və buna görə də “qisas” almaq qərarına gəlib. Nikol Paşinyan hökumətinin köhnə cinayətkar yuvasını qurdalamaq və 2008-ci ilin mart hadisələrini araşdırmaq cəhdi nəinki ölkə daxilində, onun hüdudlarından kənarda da sərt müqavimətlə qarşılaşır.

Bu, səbəbsiz deyil. O vaxt İrəvanın mərkəzində 10 nəfərin öldürülməsi və 230 nəfərin yaralanması ilə nəticələnmiş terror hadisəsinin istintaqına getdikcə dövlət işində mühüm postlar tutmuş şəxslərin Moskvanın iradəsi əleyhinə dindirilməyə başlanması təşkilatçıların üzə çıxarılmasını ehtiva edir. İş burasındadır ki, bu hadisənin istintaqı 2018-ci il “məxməri” inqilaba qədər davam etsə də, həqiqətin ortaya çıxarılması üçün heç nə müəyyənləşməmişdi. 

Ermənilər deyirlər ki, bu məsələdə erməni cəmiyyətinin böyük hissəsi Paşinyanın yanındadır və düşünür ki, hazırkı baş nazir 1 mart işi üzrə hamı üçün prinsipial olan məsələyə nöqtə qoyacaq. Bu məsələ təkcə Paşinyan və ölənlərin qohumları üçün yox, bütün ermənilər üçün prinsipial məsələdir.

Bu “nöqtə” söhbəti İrəvanda yaman dəbə minib. Paşinyan işğal etdikləri Azərbaycanın Qarabağ bölgəsi haqda da “nöqtə” söhbəti eləmişdi. Amma Azərbaycan prezidenti ona elə bir “nidalı nöqtə” göstərdi ki, daha o vaxtdan səsi çıxmır. Görünür, bu dəfə 1 mart hadisələrinə Moskvadan nöqtəli-vergüllü cavab gözlənilir. Buna görə də Arşakyan yazır ki, maskalar atılıb: “İndi iş qalıb Nikol Paşinyanın, prokurorların və hakimlərin, bütün erməni xalqının şərəfinə və biz bütün dünyaya Kremlin cinayətkarlarla birgə planlaşdırdığı antihumanist sövdələşməni açıb göstərməliyik”.

Tamamilə aydındır ki, Rusiya bu yolla 2008-ci il 1 mart hadisələrinin araşdırılmasını ləngitmək üçün istintaqa təzyiq göstərməyə çalışır. Bu işi araşdıran bir çox hakim, prokuror və müstəntiqin Rusiyada əmlakı və qohumları var. Erməniləri dingildədən odur ki, əgər Moskva bu adamlara qarşı bəzi sanksiyaları “işə salsa”, onlar  birbaşa hücum altında olacaqlar. Və mövqelərindən dönmək ehtimalı güclənəcək. Onsuz da Ermənistan hakimiyyəti, dövlət aparatı, ictimaiyyətin böyük hissəsi Rusiyanın təsiri altındadır və dolanışıqları bu ölkədən keçir.

Bütün bunlar barədə məlumat paylaşan “İrates” qəzeti bildirir ki, Rusiyanın sanksiyalar tətbiq etmək niyyəti var: “Biz yalnız Ermənistandakı bir sıra hakimlərə qarşı deyil, həm də əsasən 1 mart davasında iştirak edən prokuror və müstəntiqlərə qarşı mülkiyyət qadağası, vəsaitlərin hərəkəti və Rusiyaya girişlə bağlı sanksiyalardan danışırıq”. Mesajda Armen Danielyan, Anna Danibekyan, Artuş Qabrielyan və başqalarının adı var. Üstəlik, hökm yalnız onlara deyil, əlaqədar fondlara, dostlarının və qohumlarının ünsiyyətlərinə də şamil ediləcəkdir. Bunlar da nəzarət altına alınacaq.

10 il əvvəl Ermənistanda kimsə bu cür təhlillər aparmağa cürət etməzdi. Çünki terrorun icraçıları və bundan fayda götürənlər hakimiyyətdə idilər. Buna görə də istintaq həqiqətdən yayındırılır və iş uzadılırdı. Ancaq indi vəziyyət dəyişib, eks-prezident Koçaryan həbsdədir, Sarkisyan isə istintaq altında. Cinayətin əsl ssenaristinin konturları artıq istintaqa yaxınlaşır. Belə bir vəziyyətdə Rusiya öz oyununu oynamağa qərar verib. Kremlin oynadığı oyunlar isə müharibə, terror və xəlvəti qətllərlə “rövnəqlənir”.

Bu gün İrəvanda baş verənləri ermənilər Rusiyanın Ermənistana müharibəsi kimi qiymətləndirirlər. Paşinyanın arxasında xarici hamilər olduğu üçün, hələ ki, kimin qalib gələcəyini demək çətindir.

Lakin erməni xalqının növbəti dəfə uduzmuş vəziyyətdə qalacağını indidən söyləmək olar.

N.NOVRUZ