Bakıdakı qəza nəticəsində qaz avadanlıqları sıradan çıxıb

30 Aprel 2020 10:33 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakının Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə vurularaq yararsız hala salınıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb.