Azərbaycan taxıl idxalından asılılığı aradan qaldırır

30 Aprel 2020 09:18 (UTC+04:00)

Azərbaycanda 2007-ci ildən bəri buğda istehsalının artırılması və ölkənin buğdaya olan tələbatının yerli istehsal hesabına təmin edilməsi istiqamətində atılan bütün addımlara baxmayaraq , hələ də buğda təminatında idxaldan asılılığımız böyükdür. İdxaldan asılılığın böyük olması sadəcə hər il böyük məbləğdə valyutanın xaricə getməsinə yox, həm də bəzi dövrlərdə təminatla bağlı çətinliklər yaradır.

Azərbaycanda yeni taxıl növlərinin yaradılması və daha çox həcmdə taxıl istehsalı istiqamətində addımlar atılmağa başlanılıb. Güman edilir ki, yeni sortların yaradılması, sortların rayonlaşdırılması buğda istehsalının artırılmasına təkan verəcək. İstehsal miqdarı artmaqla bərabər, istehsal edilən məhsulun keyfiyyəti də artacaq. 

Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli keyfiyyət amilinin önəmli amil olduğu qənaətindədir. O bildirdi ki, son illərdə buğda istehsalında məhsuldarlıq göstəriciləri yüksəlib. Orta göstərici əvvəl 27,5 sentner olduğu halda 2019-cu ildə 31-32 sentnerə qalxıb. N.Nəsirli dedi ki, indi hökumətin qarşısında dayanan əsas hədəf ölkəmizdə istehsal edilən taxıl məhsullarının miqdarı ilə yanaşı keyfiyyətinin də yüksəldilməsidir: “Elə keyfiyyətdə buğda istehsal edilməlidir ki, o, çörəkbişirmə sənayesi üçün yararlı olsun. Təəssüf ki, bu hədəfə hələ nail ola bilməmişik. Burada təbii və subyektiv amillər rol oynayır. Təbii amillər ondan ibarətdir ki, Azərbaycanda torpaqlar illərlə əkin strukturundan kənarda qaldığına, növbəli əkin tətbiq olunmadığına və ümumiyyətlə, proqressiv tədbirlər görülmədiyinə görə torpaqların keyfiyyət göstəricisi aşağı düşüb.

Eyni zamanda ölkəmizin keyfiyyətli toxum təminatı ilə bağlı problemlərimiz var. Toxum təminatında ətraf ölkələrdən asılıyıq. Rayonlaşdırılmamış, iqlimə uyğun olmayan toxumların birdən-birə gətirilib təsərrüfatlarda istifadəsi hesabına yüksək göstərici əldə etmək olmaz. Toxumlar canlıdır, onlar hökmən rayonlaşdırılmalıdır.

Azərbaycanda mədəni əkinçilik sahəsində bir sıra problemlərimiz var. Aqtotexniki qaydalara dəqiq və tam əməl edilməməsi də keyfiyyət göstəricilərinə təsir edir.

Bu vəziyyətlə əlaqədar olaraq hər il 1,3-1,8 milyon ton buğda idxal edirik ki, o da əsasən 2 məqsədlə istifadə edilir. Birincisi, əsasən çörəkbişirmə sənayesində istifadə edilir, ikincisi də toxumçuluğa yönəldilir. Bundan başqa qida sənayesində digər məhsulların da istehsalında buğdadan istifadə edilir”.

N.Nəsirli bildirdi ki, bu qədər buğda idxalına görə narahatçılıq keçirmək lazım deyil. Onun sözlərinə görə, bir çox ölkələr müəyyən məhsulu, o cümlədən ərzaq məhsulunu idxal hesabına təmin edir: “Bu normaldır. Azərbaycanda istehsal edilən buğda əsasən heyvandarlıqda yem məqsədilə istifadə olunur. Ölkəmiz strateji hədəfə nail olmaq üçün səylərini artırmalıdır. Yuxarıda sadalanan amillər idxaldan asılılığı şərtləndirir. Azərbaycanda daha çox buğda istehsal etmək olar. İqlim dəyişiklikləri, quraqlıq məhsuldarlığa mənfi təsir edir”.

Ekspert söylədi ki, yaxın illərdə toxuma olan tələbatın yerli istehsal hesabına təmin edilməsi planlaşdırılır. Onun sözlərinə görə yerli toxum önəmli məsələdir və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə fəaliyyətini gücləndirib: “Yerli toxumla təminat məsələsi taxılçılıqla yanaşı, tərəvəzçilikdə də önəmlidir. Bundan başqa meyvəçilikdə tingçilik və heyvandarlıqda seleksiya məsələlərinə diqqət artırılıb. Məqsəd odur ki, mühüm növ məhsulların toxumu ölkəmizdə istehsal edilsin və idxal minimuma salınsın. İdxal olduqda kənardan xəstəlik gəlir, mənbəyi bilinməyən potogenlər gəlir. Ona görə də yerli toxun istehsalına nail olunması hədəfi qoyulub. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında müvafiq sahələr üzrə laboratoriyalar quraşdırılıb. Elmi-seleksiya işləri həyata keçirilir ki, yaxın illərdə bu hədəflərə nail olaq”.

Ekspert qeyd etdi ki, Azərbaycanda 2,1 milyon ton buğda istehsal edilir. Bu qədər buğda çörək istehsalı üçün kifayət edir. Amma yerli buğdanın keyfiyyəti olmadığından çörəkbişirmə sənayesinin tələbatını ödəmək məqsədilə xaricdən böyük həcmdə buğda alınır.

Vasif CƏFƏROV