Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamaq istəyir

30 Aprel 2020 14:46 (UTC+04:00)

 Elman Nəsirov: “Bunun üçün ilk əvvəl Dağlıq  Qarabağdan kənar işğal edilmiş rayonlar azad olunmalıdır” Elman Məmmədov: “İki icma arasında birgə yaşayışın təmin olunması üçün bunu istəyən Qarabağ erməniləri ilk növbədə həmin vəziyyətin yaranmasında maraqlı olmayan qondarma rejimə və İrəvana qarşı səsini qaldırmalı, münasibət və etirazlarını bildirməlidirlər” Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev qeyd edir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər". Bəs, Dağlıq Qarabağ bölgəsinin erməni icmasının azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamasının reallaşması üçün hansı addımlar atılmalıdır? Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, sözügedən birgə yaşamın reallaşması üçün münaqişə öz ədalətli həllini tapmalıdır: “Heç kimə sirr deyil ki, münaqişənin həlli Ermənistan və Azərbaycan dövlət rəhbərlərinin apardığı konstruktiv danışıqların nəticəsi olaraq mümkün ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri burada vasitəçilik funksiyasını həyata keçirir. Azərbaycan da bu istiqamətdə konstruktiv mövqe sərgiləyir. Azərbaycan beynəlxalq hüquq və prinsiplərə söykənirik və münaqişənin ədalətli həllini istəyirik. Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyət verilməsinə razıyıq. Bütün bunları Prezident İlham Əliyev dəfələrlə söyləyib. Amma indiki zamanda xalq diplomatiyasının rolunu da inkar etmək olmaz. Xalq diplomatiyası münaqişəni həll etmir, amma əslində həlli üçün münbit şəraiti yaradır. Bu nöqteyi-nəzərdən xalq diplomatiyasının əsas müzakirə predmetindən biri də məhz Dağlıq Qarabağın erməni icması ilə azərbaycan icmasının birgə yaşamasının mümkünlüyüdür. Onlar əsrlərlə birgə yaşayıblar. Onlar arasında təmasların qurulması, müxtəlif səviyyələrdə əlaqələrin qurulması, humanitar aspektdən addımlar atılması təbii ki, nəticə etibarı ilə qarşılıqlı inam və etibarın formalaşması üçün münbit şərait təmin edə bilər. Bu nöqteyi-nəzərdən Tural Gəncəliyevin həmin fikirlərində həqiqət var. Həqiqətən də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin olması, onlar arasında ilkin münasibətlərin qurulub inkişaf etdirilməsi nəticə etibarı ilə münaqişənin həllilə bağlı mərhələli həll variantının sözdə deyil, artıq işdə tətbiqini tapmasına gətirib çıxara bilər. Bunun üçün də ilk əvvəl Dağlıq Qarabağdan kənar işğal edilmiş rayonlar azad olunmalıdır. Belədə, Qarabağdakı azərbaycan və erməni icmalarının inam və etimada söykənən müəyyən münasibətlərinin yaranması fonunda artıq növbəti addımların atılması üçün yaxşı şərait formalaşmış olar. Ona görə hesab edirəm ki, xalq diplomatiyası həlledici amil olmasa da, həlledici qərarın qəbul edilməsi üçün mühitin formalaşması baxımından böyük çəkiyə malikdir”. Milli Məclisin deputatı Elman Məmmədov düşünür ki, iki icmanın birgə yaşamasında maraqlı olan Dağlıq Qarabağ erməniləri buna nail olmaq üçün ilk növbədə həmin prosesə zidd hərəkət edən qondarma rejimi və İrəvandakı xuntanı süpürüb atmalıdır: “Məsələ ondadır ki, Qarabağda yaşayan ermənilər oradakı qondarma rejimin və işğalçı Ermənistanın təsiri altındadırlar. Bir növ müstəqil deyillər. Ona görə də həmin erməni icması öz fikrini müstəqil bildirmək imkanına malik deyil. Qarabağda yaradılan qondarma, cinayətkar rejim, onu yaradan və təmsil olunanlar Ermənistan siyasi rəhbərliyilə münasibətdə daha çox qəddardır. İki icma arasında birgə yaşayışın təmin olunması üçün isə bunu istəyən Qarabağ erməniləri həmin vəziyyətin yaranmasında maraqlı olmayan qondarma rejimə və İrəvana qarşı səslərini qaldırmalı, münasibət və etirazlarını bildirməlidirlər. Onların mövqeyində belə bir gəlişmələr olsa, təbii ki, torpaqlarımız azad ediləndə qanunlarımıza tabe olan ermənilər öz yerlərində qalıb yaşamaq ixtiyarına malik olacaqlar. Ancaq bir şərtlə ki, yenidən Azərbaycana qarşı cinayət etməsinlər. Bunun üçün də dediyim kimi, erməni icması qondarma rejimə və işğalçı Ermənistana qarşı etirazlarını bildirib, onlara qarşı çıxmağı bacarmalı və Azərbaycan dövlətinin qanunlarına tabe olduqlarını sözdə təsdiq etməlidrlər”. R. SOLTANOV