Manat MDB məkanında yenə ən sabit valyutadır

30 Aprel 2020 15:12 (UTC+04:00)

 Vüqar Bayramov: “Pandemiyadan sonra mərhələli şəkildə Azərbaycan iqtisadiyyatında aktivliyin bərpa olunacağını müşahidə edəcəyik” “Milli valyutanın məzənnəsinə çox ciddi spekulyativ hücum oldu, lakin bu hücumun qarşısını aldıq və valyuta bazarında vəziyyət sabitləşib. Bu gün biz üzvü, səhmdarı olduğumuz beynəlxalq təşkilatlarla məsələhətləşirik, onlar Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Bu həm Dünya Bankına, həm də Beynəlxalq Valyuta Fonduna aiddir. Azərbaycanın böyük valyuta ehtiyatları və aşağı xarici borcu imkan verir ki, biz çox ciddi manevrlər edək". Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Bu deyilənlər fonunda qarşıdakı dövrdə manatı və ümumilikdə ölkə iqtisadiyyatını nə gözləyir? Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, manatın məzənnəsinin qorunub saxlanılması postpandemiya dövründə iqitisadi inkişaf üçün vacibdir: “Ölkədə makroiqtisadi sabitliyin olması təbii ki, vacibdir. Bu kontekstdə təbii ki, manatın məzənnəsinin qorunub saxlanılması postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından əhəmiyyətlidir. Düzdür, mart ayında dollara tələbin yüksəlməsi qeydə alındı. Bu, yalnız Azərbaycanda deyil, Rusiya, Qazaxıstan və digər MDB ölkələrində də müşahidə olundu. Çünki neftin qiymətində kəskin azalmalar əksər neft ölkələrinin bazarlarında panika yaratdı. Etiraf edək ki, psixoloji təsirlərin olmasına baxmayaraq, Mərkəzi Bank yaranmış ajiotaja çevik reaksiya verdi. Mərkəzi Bank manatın məzənnəsindəki stabilliyin qorunub saxlanılmasına nail ola bildi. Bu da təbii ki, vacib məqam idi. Onu da qeyd edək ki, Mərkəzi bank manatın məzənnəsini qoruyub saxlamaq üçün intervensiya imkanlarına malik idi. Mərkəzi Bank tərəfindən valyutanın alıb satılmasında yeni qaydalar tətbiq olundu”. Həmsöhbətimiz qeyd etdi ki, Mərkəzi Bank valyuta bazarındakı tarazlığı qoruya bilib: “Növbəti mərhələdə də milli valyutanın məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mart ayında yaranan ajiotaja Mərkəzi bankın reaksiyası və məzənnənin qorunub saxlanılması hər halda ondan xəbər verir ki, Mərkəzi Bankın mövqeyi əhəmiyyətlidir. Mərkəzi Bank mövcud resurslarından istifadə etməklə valyuta bazarındakı tarazlığı qoruyub saxlayıb”. V. Bayramov xatırlatdı ki, Azərbaycan iqtisadiyyatının postneft və postpandemiya dövrünə praktik olaraq daha çox dövlət dəstəyinin genişləndirilməsi və sahibkarlar üçün yeni güzəştlərlə qədəm qoymaq niyyətindədir: “Hazırlanmış iqtisadi paket strateji olaraq postpandemiya dövründə iqtisadiyyatın dəstəklənməsini özündə ehtiva edir. Nəzərə alaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən geniş miqyaslı vergi güzəştləri paketi artıq parlamentə təqdim olunub. Güzəştli kreditlərə çıxış imkanlarının artırılması ilə bağlı kredit portfeli formalaşdırılıb. Həmçinin valyuta bazarında makroiqtisadi sabitliyin qorunması istiqamətində Mərkəzi Bank tərəfindn atılan addımlar praktik olaraq postpandemiya dövründə sahibkarların daha çox dövlət dəstəyindən faydalanmasına imkan verəcək. Bu həm də postpandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə gətirib çıxaracaq. Makroiqtisadi sabitlik vacibdir. Azərbaycan hökuməti həm pandemiya, həm də postpandemiya dövründə onu qorumağı prioritet elan edib. Bu da real olaraq sahibkarların təşviq paketindən faydalanmalarına imkan verəcək ki, nəticə etibarı ilə mərhələli şəkildə pandemiyadan sonra Azərbaycan iqtisadiyyatında aktivliyin bərpa ediləcəyini müşahidə edəcəyik”. Rüfət NADİROÖLU