"Şərtlərin yumşalması vətəndaşlarımızı arxayın salmamalıdır" - Deputat
2 May 2020 18:15 (UTC+04:00)
"Əgər karantin rejiminin tez bir zamanda bitməsini istəyiriksə daha ehtiyatlı və diqqətli olmalıyıq. Hər kəs bilməlidir ki, vəziyyət ciddidir, təhlükə tam sovuşmayıb və məsuliyyətsiz yanaşma daha ciddi fəsadlar yarada bilər. Məhz bu səbəbdən bu gün bir sıra ölkələrdə yeni dalğanın gəlmə ehtimalı ilə bağlı geniş müzakirələr aparılır.". Bunu Mövqe.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, bu gün ayrı-ayrı ekspertlər təhlükənin tam sovuşması tarixi ilə bağlı müxtəlif bədbin proqnozlar səsləndirirlər: "Ona görə bir sıra ölkələr karantin rejiminin tətbiqini yenidən uzatdılar. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində biz pandemiyanın təsirlərini ciddi hiss etmədik. İlk gündən cənab Prezident məsələ ilə bağlı adekvat və operativ qərarlar qəbul etdi. Pandemiyanın ölkə iqtisadiyyatına və vətəndaşlara təsirini azaltmaq üçün ciddi addımlar atıldı, bir neçə mühüm sərəncam imzaladı, yeni tibb müəssisələri yaradıldı. Azərbaycan bu sahədə nümunəvi bir model ortaya qoymağa müvəffəq oldu. Hazırda bir sıra ölkələr Azərbaycanın təcrübəsindən yararlanırlar. Bu işi sona kimi uğurla tamamlamaq lazımdır. Buna yalnız həmrəylik nümayiş etdirərək birlikdə nail ola bilərik. Qeyd etməliyik ki, pandemiya ilə mübarizədə iki mühüm tərəf var. Bir dövlət hansı ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. İkinci tərəf isə vətəndaşlardır. Bu sınaqdan üzüağ çıxmaq üçün hamı səfərbər olmalı, vətəndaşlar müəyyənləşdirilən norma və qaydalara əməl etməlidirlər. Ona görə bir daha üzümüzü vətəndaşlara tutaraq məsələyə həssas yanaşmağa, tam arxayın olmamağa çağırırıq. Qaydalara əməl olunmadığı təqdirdə xəstəlik halları daha da arta və karantin rejiminin yenidən sərtləşdirilməsinə baxıla bilər".