Qardaşlar “Növrəsli 4”ə layiq konsert proqramı hazırlayıblar

12 May 2012 13:33 (UTC+04:00)

Növrəsli qardaşları birgə konsert proqramıyla çıxış edəcəklər. Movqe.Az xəbər portalının məlumatına görə, "Növrəsli 4" adlı konsert proqramı mayın 23-də Heydər Əliyev Sarayında keçiriləcək. Şahin, Tərlan, Arslan və Nurlan Növrəsli qardaşları konsert proqramında tar və kamançanın müşayiəti altında Azərbaycan muğamından, klassik və caz mahnılarından, ümumiyyətlə, poeziya dəqiqələriylə tamaşaçılara xoş təəssürat yaşadacaqlar.

Bundan başqa, konsert proqramında xalq artisti Teymur Göyçəyevin rəhbərliyi ilə Azərbaycan Kamera Orkestrinin, Şahin Növrəslinin caz qrupunun, Pantomima Teatrı aktyorlarının və digərlərinin çıxışları olacaq.

"Eurovision-2012" mahnı müsabiqəsi günlərinə təsadüf edəcək konsert proqramının keçirilməsində məqsəd müsabiqə ərəfəsində Bakı sakinlərinə və şəhərimizin çoxsaylı qonaqlarına müasir Azərbaycan mədəniyyətinin gözəl nümunələrini nümayiş etdirməkdir. 


Qeyd edək ki, konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi və "BUTA" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Fuad Mədətov

Movqe.Az