"Total": Hazırda neft bazarında təklif tələbi üstələyir

5 May 2020 17:31 (UTC+04:00)
"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələrinin hasilatı azaltmaq üçün əldə etdiyi razılaşmaya baxmayaraq, hazırda neft bazarında təklif tələbi üstələyir. "APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Total"a istinadən xəbər verir. Məlumata əsasən, tələbin təklifdən az olması həddindən artıq məhsul istehsalına və onun əhəmiyyətli dərəcədə yığılmasına gətirib çıxarır. Şirkət əlavə edib ki, ehtiyatların həcmini normal səviyyəyə qaytarmaq üçün vaxt tələb olunduğunu nəzərə alaraq, koronavirusun yayılması ilə əlaqədar yaranan böhranın aradan qaldırılması ilə bağlı gözlənilən tədrici artım neft böhranının tez həllinə səbəb ola bilməz. Xatırladaq ki, bu ilin aprel ayında bazarın tarazlaşdırılması məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.