Vüqar Rəhimzadə: "Ölkəmizdə çoxpartiyalı sistem möhkəm əsaslar üzərində qurulur"

6 May 2020 15:52 (UTC+04:00)

“Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan hakimiyyəti hər zaman siyasi mədəniyyət nümunəsi olan dialoqun tərəfdarı kimi çıxış edir və bu yönümdə qətiyyətli addımlar atır. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub”.

Mövqe.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır: "Kadr islahatları aparılır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Prezident Administrasiyası tam yeni tərkibdə formalaşıb, yeni şöbələr yaradılıb. Bu addımlar qarşıya qoyulan məqsədləri, niyyətləri təsdiqləyir” söyləyən V.Rəhimzadə əminliklə bildirib ki, yeni yaradılan şöbələr ümumilikdə ölkənin daha da inkişafına geniş imkanlar yaradacaq, qarşıya qoyulmuş hədəflərin gerçəkləşməsində öz böyük töhfələrini verəcək. Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi idarəetmədə aparılan uğurlu islahatların göstəricisidir: “Ötən il bu məqsədlə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu, siyasi sistemdə demokratik idarəçiliyin yeni keyfiyyət formasının təzahürüdür”.

V.Rəhimzadə bildirib ki, parlament seçkilərindən sonra yeni tərkibdə formalaşan Milli Məclisin rəhbərliyinə müxalifət nümayəndəsinin seçilməsi də Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı islahatların bundan sonra da davam etdiriləcəyinin göstəricisidir: "Dövlətimizin başçısı bildirir: Tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. 

Ümummilli lider Heydər Əliyevin "Nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə-Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir" fikirlərinin davamı olaraq möhtərəm Prezidentimiz bildirir ki, indiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsəd elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, həm də eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq".

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb: "Ən əsası yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektri mövcud olmalıdır". 

"Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur" söyləyən V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, başlanan siyasi dialoq ölkəmizə böyük fayda gətirəcək.

Baş redaktor diqqəti Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi bu fikirlərə yönəldib: “Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir".

«Dövlətimizin başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır» deyən V.Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev yeni formalaşmış parlamentin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirmişdir ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.