Öləziyən ümidləri canlandıran insanlar

7 May 2020 08:49 (UTC+04:00)

Heç bir insan həyatı boyu hər hansı təhlükəyə və ya iztiraba düçar olmaqdan sığortalanmayıb. Hadisələr, xüsusilə də təbii fəlakətlər xəbərsiz-ətərsiz gəlir. Ancaq bu fəlakətlər qarşısında tək qalanda insan sarsılır, arxasında kiminsə hənirini duyanda özünü potensialı da hərəkətə gəlir və birlikdə şərə qalib gəlməyi bacarır. Geniş anlamda bu təsvir vətəndaş-dövlət münasibətlərinə də aiddir və bəri başdan deyə bilərik ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin simasında xalqımıza, yurdumuza, milli sərvətlərimizə və mədəni irsimizə, habelə tariximizə, keçmişimizə və gələcəyimizə arxadır.

Azərbaycanda zəlzələ olanda, sel-su ev-eşiyi yuyub aparıb camaatı düzdə qoyanda, təsadüfi və ya qəsdən törədilmiş yanğınlar zamanı xalq ziyan görəndə, düşməm Ermənistanın təxribatlarından əziyyət çəkəndə ölkəmizin sakinləri dövlət başçısının onların görüşünə gəlməsi ilə dilə gətirdiyimiz duyğulu anları yaşayırlar. Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələrini daim nəzarətdə saxlaması, vaxtaşırı bölgələrdə olaraq, mövcud problemlərin həlli üçün tədbirlər görməsi hamıya tanış mənzərədir. Ölkə rəhbəri Azərbaycanda baş verən ekstremal proseslərə də hər zaman çevik münasibət bildirir, hadisə yerində olur, insanlarla görüşür, onların qayğıları, problemləri ilə dərindən maraqlanır, çətinliklərin aradan qaldırılması məqsədilə müvafiq dövlət qurumlarının rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verir.

Prezidentin ötən Şamaxıda təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olması, zərərçəkən vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, dövlət başçısı xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir. Zəlzələnin fəsadları ilə yerində tanış olan prezidentin sakinlərin halına yanması, onlara necə canıyananlıqla ürək-dirək verməsi epizodları teleekranlardan hamımızın yaddaşına köçüb. Dövlət başçısının baş verənlərə görə məyusluğu əsil rəhbərin xalqa qayğısının real təsvirini göstərirdi. Prezident İlham Əliyevin ayrılıqda hər bir zərərçəkən vətəndaşa ürək-dirək verərək: – “Yeni ev tikiləcək, narahat olmayın”, – deməsi, cavanlı-qocalı hamının dualarına bələnirdi. Bir ağbirçəyin dövlətimizin başçısına “Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki, varsınız. Biz Sizinlə qürur duyuruq”-deyə, dualar söyləməsi sadə insanların qəlbinin hərarətini gözəl ifadə edirdi.

Xalqın dualarına qarşılıq olaraq Prezident ürək sözlərini belə ifadə etmişdi: “Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq”.

Həmişə belə olacaq! Dövlət başçısının xalqın ürəyinə təpər verən bu sözləri və vədləri həqiqətən yerinə yetirəcəyi heç bir azərbaycanlıda şübhə doğurmur. İqtidar-xalq birliyinin bu möhtəşəm təcəssümündən cəmi bir il sonra ölkəmizə “COVİD-19” bəlası gəldi. Bu virusun pandemiya səviyyəsinə çataraq insanların həyatını əlindən alması qlobal faciədən xəbər verirdi. Lakin Azərbaycan xalqı inamlı idi. Və bu inam növbəti dəfə özünü doğrultdu. Prezident İlham Əliyev nəinki koronavirusun qarşısının vaxtında alınması üçün əhəmiyyətli tədbirlər görərək baş verə biləcək itkiləri minimuma endirdi, həm də daim xalqın yanıda olduğunu bir daha sübut edərək əhalinin həyat səviyyəsinin saxlanılmasına nail oldu.  Onun sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısı həssas təbəqənin qorunmasının indiki şəraitdə ən vacib məsələ olduğunu bildirdi. Qeyd etdi ki, həmişə olduğu kimi, pandemiya ilə bağlı tətbiq edilən karantin şəratində də dövlət onlara sahib çıxmalı, dəstək verməli, kömək göstərməlidir: “Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək.  Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm”.

Pandemiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən sosial və təşkilatı tədbirlərin üfüqləri isə geniş və sonsuzdur. Bu dövrdə Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsi nəzərdə tutulub. Müəyyən dövrlər üçün vergi güzəştləri və tətilləri elan edilib. Bütün bunlar dövlətin xalqa qayğısının real təzahürləridir və bilavasitə Prezident İlham Əliyevin siyasətinin, cahanşümul humanizminin,  böyük azərbaycançılığının, həmişə xalqın yanında olmasının təsdiqidir.

N.NOVRUZ