Azərbaycanda iqtidar-müxalifət dialoqu yeni mərhələyə qədəm qoyur. İqtidar və əksər müxalif yönümlü partiyalar bu yaxınlarda Prezident Administrasiyasının təşkil etdiyi dialoqda iştirak ediblər. Çünki bilirlər ki, dialoq mühiti cəmiyyəti saflaşdırır, onu radikal, çirkin meylərdən təmizləyir. Lakin radikal müxalifət əvvəlki tək bu son dialoqdan da imtina etdi. Bu azmış kimi, onlar nəinki təkcə iqtidarı təhqir etmir, həmçinin dialoqa qoşulan konstruktiv müxalifətə də camur atır. Hakimiyyətlə dialoqa gedən müxalifləri radikal düşərgə dərhal təhqir və tənqid obyektinə çevirir. Radikallar heç bir real arqument, dəlil gətirmədən sivil mübarizə yolunu tutan loyal müxalifəti guya iqtidara işləməkdə, onun sifarişlərini həyata keçirməkdə ittiham edir.
BAXCP sədri Niyaməddin Orduxanlı bildirdi ki, radikal düşərgə ölkədə siyasi münasibətlərin sivil formada getməsində maraqlı deyil: “Radikal müxalifətin dialoqa qoşulan müxalifəti heç bir əsas olmadan təhqir və tənqid obyektinə çevirməkdə ilk növbədə məqsədləri özlərindən fərqli olaraq sivil mübarizə metodu ilə fəaliyyət göstərən bu qüvvələrə basqı etmək, təzyiq göstərməkdir. Onların hədəfi özlərinin olmadığı yerdə, dialoqda iştirak edən başqa müxalifət partiyalarını şantaj etməkdən ibarətdir. Yəni radikallar sabotajçılıq edərək çalışırlar ki, konsrtuktiv mövqe sərgiləyən müxalifəti daim şantaj altında saxlasınlar. Bu siyasəti də onlar məqsədli şəkildə həyata keçirirlər.
Radikallar Azərbaycanda siyasi münasibətlərin sivil formada həyata keçməsini istəmir. Çünki belə olanda onlar öz çirkin niyyətlərini həyata keçirə bilmirlər. Bu addımla da radikallar Azərbaycana düşmən dövlətlər, müstəqilliyimizi qəbul etməyən güc mərkəzləri, erməni diasporasının nəzarətində olan beynəlxalq təşkilatların siyasətini icra edirlər”.
Həmsöhbətimiz qeyd etdi ki, iqtidarla müxalifət arasında normal münasibətin olması, dialoqun keçirilməsi dövlətin, xalqın, cəmiyyətin inkişafına xidmət edir: “Bu, bütün sahələrdə olan mövcud problemlərin aradan qaldırılmasına xidmət edən bir platformadır. Xarici düşmən qüvvələr və onların buradakı əlaltıları təbii ki, belə bir platformanı qəbul edə bilmirlər. Ona görə də tək iqtidara deyil, dialoqda iştirak edən müxalifətə də camur atırlar. Həm hakimiyyət nümayəndələrini, həm də sivil müxalifəti təhqid edir, onlara böhtan atır, fəaliyyətlərinə kölgə salmağa çalışırlar. Yəni, radikallar bütün rəngləri ancaq qara görür”.
Radikallar ölkədə sivil siyasi münasibətlərin qurulmasını istəmir: “Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyev bu yaxınlarda təmayülündən asılı olmayaraq, ölkədəki bütün siyasi partiya rəhbərlərilə təmas qurdu. Ancaq radikal müxalifət, Əli Kərimli bu görüşdən imtina etdi. Onlar ona görə imtina edib ki, ölkədə normal, sivil siyasi münasibətlərin inkişafında maraqlı deyillər. Bu səbəbdən də həmin prosesə qoşulan müxalif partiyaları da təhqir hədəfinə gətirirlər. Əli Kərimlinin bütün fəaliyyəti nəyin bahasına olursa-olsun ölkədə gərginlik yaratmaq, iğtişaşlar təşkil etməkdən ibarətdir. Əli Kərimli Azərbaycanın imicinin dünya miqyasında korlanmasına çalışır. Əvəzində xaricdən külli miqdarda maliyyə dəstəyi alır”.
Partiya funksionerinin fikrincə, radikallar dialoqa gedən sivil müxalifəti təhqir etməklə, bu məsələni gündəmə gətirməklə həmin qüvvələri dialoqdan çəkindirməyi düşünür: “Bu yolla şantaj etmək, psixoloji təzyiq altında saxlamaqla müxalifətin sivil qanadının dialoqdan imtina etməsinə nail olmaq istəyir. Yəni, bununla dialoqu boykot edən qüvvələrin cərgəsinin artmasına nail olmaq niyətindədirlər. Ona görə indi də dialoq prosesində iştirak edən bütün qüvvələri qaralamaq, onları çəkindirmək, ictimaiyyətin gözündən salmaq, görüşün özünü belə əhəmiyyətsiz adlandırmaq yolunu tutublar. Əli Kərimli uzun illərdir ki, məqsədli şəkildə məhz belə çirkin siyasət aparır. Bu onun köhnə siyasətidir. Vaxtilə o hərəkatda olan silahdaşlarını belə yolla şantaj edib. Bu Əli Kərimli üçün köhnə peşədir. Amma təcrübə göstərir ki, müxalifətin mütləq əksəriyyəti dialoqun, sivil dəyərlərlə siyasi mübarizənin tərəfindədir”.
N. Orduxanlı dedi ki, indi ölkədə yeni siyasi müstəvi gündəmdədir: “Azərbaycan tarixində ilk dəfə olaraq parlamentdə müxalifət nümayəndələri müxtəlif vəzifələrə irəli çəkildi. Prezident də açıq şəkildə bildirdi ki, siyasi partiyalarla dialoq aparacaq, ölkənin inkişafında onların da rolunun artırılmasını təşkil edəcək. Məhz Prezidentin bu çıxışından sonra Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun geniş təhlil yazısı yayıldı. Burada o, konstruktiv müxalifət partiyaları nümayəndələrinin yerli icra hakimiyyəti orqanlarında müavin vəzifələrinə təyin edilməsi ideyasını gündəmə gətirdi. Beləliklə, bacarıqlı, reputasiyası təmiz, dövlətini sevən konstruktiv müxalifətdə təmsil olunan kadr potensialından da dövlətimizin inkişafı yolunda istifadə edilməsi tezisi gündəmə gətirilib. Bu da Prezidentin apardığı islahatların davam etdiyinin göstəricisidir”.
R. SOLTANOV