Azərbaycan deputatı erməni terrorunun hədəfində

8 May 2020 09:59 (UTC+04:00)

 

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev maraql bir açıqlama ilə çıxış edib. O bildirib: "Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi". Erməni terroruna qarşı Azərbaycan və dünya hansı addımlar atmalıdır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, belə hədələrlə Ermənistan terrorçu ölkə olduğunu bir daha göstərmiş olur: “Bu gözlənilən idi. Tural Gəncəliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri təyin olunandan sonra fəaliyyəti təqdirəlayiqdir. Bu isə görünür erməniləri çox narahat edir. Ermənilər dünyaya yalandan bəyan edirlər ki, Dağlıq Qarabağda yalnız ermənilər yaşayır. Azərbaycanın atdığı addımlar sayəsində ermənilərin bu yalanları beynəlxalq aləmdə üzə çıxır. Dünya azərbaycanlıların Dağlıq Qarabağın əbədi sakinləri olduğunu anlamağa başlayır. Belə vəziyyət isə ermənilərin marağına ziddir. Ona görə də erməni separatçıları tərəfindən belə hədələrin olması təsadüfi deyil. Ermənilər terrorçu adı qazanmış bir millətdir. 100-150 il bundan qabaq terrora başlayıblar. Ermənilər keçən əsrin 70-80-ci illərində türk diplomatlarını qətlə yetirib. Daha sonra azərbaycanlılara qarşı terror hadisələri törədiblər. İndi də düşmən ölkə bu çirkin siyasətini davam etdirir”.

Politoloq düşünür ki, bu fonda Azərbaycan özünün diplomatik səylərini daha da gücləndirməlidir: “Beynəlxalq aləmə ermənilərin iç üzünü bir daha göstərməliyik. Artıq Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri də hədələnir. Həyatına qəsd təhdidləri var. Dünya bu məsələyə diqqət yetirməlidir. Bu hal diplomatik cinahda fəallığımızı artırmağı tələb edir. Tural Gəncəliyev bu yaxınlarda Dağlıq Qarabağ ermənilərinin azərbaycanlılarla bir yerdə yaşaya biləcəyi fikrini diqqətə çatdırmışdı. Bu da erməni separatçılarının marağına cavab vermir. Ona görə də Tural Gəncəliyevi hədəf götürüblər. Buan baxmayaraq, Azərbaycan öz siyasətindən əl çəkməməlidir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq mümkündür. Erməni separatçılarının marağına cavab verməsə belə, bu istiqamətdə siyasətimizi də gücləndirməliyik”.

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy ermənilərin bu təhdidinin ciddiyə alınması və onu zərərsizləşdirmək üçün müvafiq tədbirlərin görülməsini vacib bildi: “Bu məsələyə yetərincə ciddi baxmaq lazımdır. Azərbaycan erməni terrorundan qorunmaq üçün əsasən iki istiqamətdə addım atmalıdır.

Birinci istiqamət təhlükəsizlik məsələsidir.  Terror təhdidi fonunda təhlükəsizlik baxımından Azərbaycanın hədəf ola biləcək bütün strateji qurum və şəxslərinin qorunması gücləndirilməlidir. Ümid edirəm ki, təhlükəsizlik orqanları bu mənada lazımi tədbirləri görür. Terror ermənilərin çirkin siyasi mübarizə metodudur. Onlar  davamlı olaraq terror təhdidindən istifadə ediblər. ASALA-nı xatırlamaq kifayətdir. Müstəqillik dövründə isə onlar Bakı metrosunda bir sıra terror hadisələri törətdilər. Bütün bunlar onu göstərir ki, terror təhdidi ermənilər üçün sadəcə sözdən ibarət deyil, onlar faktiki olaraq son bir əsr ərzində aktiv şəkildə çoxsaylı terror hadisələri həyata keçiriblər. Vaxtilə türk diplomatlarını hədəf almışdılar. Ona görə də ermənilərin bu təhdidi də ciddiyə alınmalı və tədbir görülməlidir”.

Siyasi baxımdan isə həmsöhbətimizə görə, Azərbaycan ermənilərin terror təhdidini dünya ictimai rəyinin diqqətinə davamlı olaraq çatdırmalıdır: “Eyni zamanda. fürsətdən istifadə  edib, ermənilərin tarix boyu həyata keçirdikləri terror fəaliyyətini bir daha xatırlatmalıyıq. Mətbuatda  bu mövzu elmi və obyektiv şəkildə geniş müstəvidə işıqlandırılmalıdır. Yəni məsələ ciddi şəkildə gündəmdə saxlanılmalıdır”.

Rüfət NADİROĞLU