ATV televiziya kanalının yayımı 1 saatlıq dayandırılıb.
Mövqe.az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 6-da keçirilən iclasında qərar qəbul edilib.
Qeyd olunub ki, 1 may 2020-ci il tarixdə ATV televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ATV televiziya kanalının efirində 9 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Qeyd edək ki, mayın 6-da MTRŞ-nin iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb. Mayın 7-də “Lider” televiziya kanalının yayımı 1 saatlıq dayandırılmışdı.