Milli-mənəvi dəyərlərimizin qorunmasinda ümummilli lider Heydər Əliyevin rolu

9 May 2020 13:16 (UTC+04:00)

Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində  xalqımızın ümmumilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra din sahəsində yeni bir mərhələ başlandı. Dinlərin ölkədə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu.

Bu dövrdə əhalinin dini biliklərinin zəif olmasından istifadə edən radikal dini təriqətlər öz məqsədlərini həyata keçirmək üçün fəal təbliğata keçdilər. Tərəfdarlar toplamaq və təsir dairələrini genişləndirmək məqsədilə müxtəlif üsullardan istifadə etdilər. Nəticədə ölkədə dini durumda ciddi dəyişikliklər müşahidə olunmağa başaladı.  

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra din sahəsində gərginliyin azaldılması, dini durumun yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması məqsədilə mühüm qərarlar qəbul etdi.  

Məhz ulu öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar salındı. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın və etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bu müdrik yanaşma özünü 1996 və 1997-ci illərdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa həmin dövrdə edilən dəyişikliklərdə də açıq göstərdi.

Beləliklə, dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Heydər Əliyev davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verərək dövlətin milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verəcəyini bildirdi: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar".

Ümumilli lider Heydər Əliyev öz çıxışlarında İslamın bütün dinlərə hörmətlə yanaşdığını, digər dinlərə düşmən münasibəti bəsləmədiyini, başqa dinlərə etiqad edənlərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları olduğunu xüsusi vurğuladı: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur".

Ulu öndər həmçinin, Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olmasını, dini zəmində münaqişələrin baş verməməsini yüksək qiymətləndirərək, Azərbaycan xalqını bu ənənəni qorumağa çağırdı: "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən, dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq".

Eyni zamanda, ulu öndər milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda tərbiyəsinə qayğı göstərilməsinin zəruriliyini vurğuladı: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.... Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

Ümumilli lider Heydər Əliyev həmçinin, gənclərin dini dözümlülük ruhunda tərbiyəsini zəruri sayaraq, islam pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinin yolverilməz olduğunu bəyan etdi: "Bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar".

Ulu öndər Heydər Əliyev məhz bu prinsiplərdən çıxış edərək ölkəmizdə məscidlərin inşasına, təmir və bərpasına da xüsusi önəm verdi. Onun həmin dövrdə din sahəsində verdiyi ilk önəmli qərarlardan biri Bibiheybət məscidinin təmir və bərpası ilə bağlı oldu. Məlum olduğu kimi, bu ibadət ocağı sovet hakimiyyəti illərində repressiyaya məruz qalaraq dağıdılmışdı. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə sözügedən ibadət ocağı qısa müddətdə təmir olunaraq dindarların istifadəsinə verildi. Məscidin açılışında Heydər Əliyev özü iştirak edərək geniş nitq söylədi.

Ümumilli lider Heydər Əliyev mütəmadi olaraq dini bayramlarda və əlamətdar günlərdə ibadət ocaqlarını ziyarət edər, din xadimləri ilə görüşər, çıxışlar edər, dini bayramlar və mərasimlər münasibətilə onlara təbriklər ünvanlayardı.

Heydər Əlyevin Azərbaycana rəhbərliyi dövründə atdığı ilk mühüm addımlardan biri də müqəddəs məkanların ziyarəti oldu. Onun Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam dəyərlərinə bağlılığının və sadiqliyinin bariz göstəricisidir. Ziyarət zamanı İslam dəyərləri haqqında söylədiyi yükdək fikirlər bunu bir daha təsdiq etdi.

Ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanın müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına və İslam dünyasına sürətli inteqrasıyasına da ciddi təsir göstərdi. Azərbaycan qısa vaxtda İslam Əməkdaşlıq Təşkilatının fəal və aparıcı üzvlərindən birinə çevrildi.

Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri, Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşməsi müsəlman dünyasında Azərbaycana diqqət və marağı artırdı. Məhz bu uzaqgörən siyasət nəticəsində  qurum dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyən bəyanat verdi, müsəlman ölkələrini ermənistanla əlaqə qurmamağa çağırdı. İslam Əməkdaşlıq Təşkilatı ermənistanı təcavüzkar dövlət Xocalı faciəsini soyqırım kimi tanıdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan müsəlmanlarının dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də xüsusi önəm və dəstək verdi. Onun diqqət və qayğısı ilə bu qurumun fəaliyyəti daha da genişləndi, nüfuzu artdı və Qafqazda ən böyük dini mərkəzə çevrildi. Bu İdarənin siyasi rolunu və əhəmiyyətini dərk edən ulu öndər davamlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşər və dini məsələlərlə bağlı onunla məsləhətləşmələr aparardı.

Heydər Əliyev İslamın Qafqazda yayılmasının tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına da xüsusi önəm verirdi. Onun diqqət və qayğısı ilə Bakıda bir neçə beynəlxalq konfrans keçirildi və həmin tədbirlər İslam dünyasında böyük əks-səda doğurdu.

Belə mühüm tədbirlərdən biri  1998-ci ildə İslam dünyasının tanınmış alim və ictimai xadimlərinin iştirakı ilə "İslam sivilizasiyası Qafqazda" mövzusunda keçirildi. Bu tədbirdə ümummilli lider Heydər Əliyev islamın Qafqazda yayılmasının tədqiqi ilə bağlı mühüm tezislər irəli sürdü, bir sıra təşəbbüslər səsləndirdi: "...Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır... Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Məhz hər halda Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi tədqiqat üçün burada geniş imkanlar vardır".   

Heydər Əliyevin digər bir mühüm xidməti müsəlman ölkələri ilə əlaqələrin inkişafı ilə bağlıdır. O hakimiyyət gəldiyi ilk günlərdən müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verdi, bu istiqamətdə ciddi addımlar atdı. Azərbaycan qısa müddətdə İslam Əməkdaşlıq təşkilatında təmsil olundu, bu qurumun aktiv üzvlərindən birinə çevrildi. Heydər Əliyev siyasi qabiliyyət və bacarığına görə müsəlman ölkələri tərəfindən İslam dünyasının böyük şəxsiyyətlərindən biri kimi qəbul edilir və hörmət olunurdu. O,  Moskvada çalışdığı illərdə hələ bir çox müsəlman ölkələrinin rəhbərləri ilə yüksək əlaqələr qura bilmişdi.

Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Bu reallığı nəzərə alan ümummilli lider Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Onun diqqət və qayğısı təkcə müsəlmanları deyil, Azərbaycanda yaşayan digər bütün dinlərin mənsublarını əhatə etdi, ölkəmizdə məscidlərlə bərabər sinaqoq və kilsələrin də bərpa və inşasına önəm verildi.

O 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşdə bir sıra vacib məqamlara toxundu: "Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının – həm Azərbaycanlıların, həm rusların, həm ukrayınların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dinini, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir".

Heydər Əliyev digər dini konfessiyaların rəhbərlərini qəbul edər, müxtəlif tədbirlərdə onlarla görüşər, fikir mübadiləsi, məsləhətləşmələr aparar, əlamətdar günlər və bayramlar münasibətilə onları təbrik edərdi.

1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verildi. 2001-ci ilin may ayında bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfərə gəldi. O, ölkəmizdəki toleranlıq mühitinə heyranlığını ifadə etdi: "Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur".

Kilsənin açılış mərasimində ümummilli lider Heydər Əliyev də iştirak edərək bu ibadət ocağının təmir olunaraq dindarların istifadəsinə verilməsini yüksək qiymətləndirdi.

1999-2001-ci ildə Bakıda digər pravoslav məbəd -- Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olundu. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradıldı, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edildi.

2003-cü ilin aprel ayında ümummilli liderimiz Heydər Əliyevin dəvəti ilə Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq, dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycana rəsmi səfərə gəldi, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirdi və ölkədə fəaliyyət göstərən ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirdi.

Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alındı. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma Katolık Kilsəsi inşa olundu.

Eyni zamanda Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heydər Əliyevin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəldi, ölkədəki dini durumla tanış oldu, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşlər keçirdi. Ölkədəki dini durumu və tolerantlıq mühitini yüksək qiymətləndirərək katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etdi.

2003-cü ildə Azərbaycan hökumətinin diqqət və qayğısı ilə Alban-udi dini icması dövlət qeydiyyatına alındı. 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etdi. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olundu. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verildi.

2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın "Qırmızı qəsəbə" adlanan ərazisində bərpa olunan sinaqoqun açılış mərasimi keçirildi.

2003-cü ilin mart ayında Bakıda Avropada ən böyük yəhudi sinaqoqu istifadəyə verildi.  Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etdilər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etdi. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan hadisələrdəndir.

Məhz o dövrdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, əgər Azərbaycanda dövlət müstəqilliyindən əvvəl 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2166 məscid, 14 kilsə, və 7 sinaqoq fəaliyyət göstərir.  Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik, və 2-si alban-udi dini icmasına məxsusdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. Hazırda ölkədə 941 dini icma qeydiyyatdan keçmişdir, onlardan 35-i qeyri-islam icmalarıdır. Sonunculardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai, və 1-i krişna şüuru  dini icmasıdır.

Bütün bunlara ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması nəticəsində nail olunmuşdur.

Heydər Əliyevin dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən və uzaqgörən addımlarından biri də 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.

Komitə fəaliyyətə başlayan dövrdə  Azərbaycanda dini durumda narahatlıq doğura biləcək məqamlar müşahidə olunurdu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən radikal dini quruplar dini durumu gərginləşdirməyə çalışırdılar. Onlar bütün imkanlarını səfərbər edərək bir sıra hallarda qeyri-ənənəvi radikal dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət dini fəaliyyət sahəsində cərəyan edən hadisələri ciddi təhlil etməli, dini durumu nəzarətdə saxlamalı, nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı və dözümlülük ənənələrini qorumalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsində çətinliklər yaradırdı.

Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələ başlandı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni zamanda radikal dini qruplaşmaların fəaliyyətinə nəzarət daha da gücləndirildi.

Ulu öndərin başlatdığı həmin nəcib missiyanı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük uzaqgörənliklə və uğurla davam etdirir, ölkəmizdə yeni məscid, kilsə və sinaqoqlar inşa olunur, dini təhsil müəssisələri yaradılır. Həyata keçirilən müdrik diyasət sayəsində Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. 

Bu gün ulu öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu öz fəaliyyətində xeyirxahlıq qayəsini rəhbər tutaraq, dini ibadət ocaqlarının təmir, bərpa və inşasına xüsusi əhəmiyyət verir. Fondun xətti ilə son illər bir çox məscid, kilsə, sinaqoq təmir və bərpa olunmuşdur.  

Müasir Azərbaycan bir müsəlman ölkəsi olaraq islam dəyərlərinə və mədəniyyətinə sadiqliyini qorumaqla yanaşı, həm də Qərbin müasir nailiyyətlərindən bəhrələnir. Bu gün Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi bu sahədə də nümunəvi müsəlman ölkəsi sayılır. Bu gün qarşıda duran əsas hədəf və məqsədlərdən biri bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı,
ilahiyyat üzrə fəlsəfə doktoru