İtaliya xalqı şokdadır
3 Aprel 2012 20:33 (UTC+04:00)
İtaliyada maliyyə durumunun acınacaqlı hala gəlməsi insanları qəti
ölçülər götürməyə vadar edir. Artıq bir neçə gün ərzində ölkədəki
maliyyə vəziyyəti ilə əlaqədar 2 nəfər özünü yandıraraq intihar
etməyə çalışıb. Maaşı aylardır verilməyən 27 yaşlı gənc Verona
şəhər icra hakimiyyəti binası önündə özünü benzinlə oda verib.
Əslən mərakeşli gənc kəskin dəri yanıqları ilə xəstəxanaya sağ
daxil olsa da, həkimlər onun sağ qalmaq şansının çox az olduğunu
deyir. Digər odlu intihar hadisəsi Bolonya şəhərində yaşanıb.
Vergilər orqanları ilə problemi olan 58 yaşlı italiyalı
avtomobilində özünü yandırıb. Hazırda onun klinik xəstəxanada ağır
vəziyyətdə olduğu bildirilir.
İtaliyada ölkə iqtisadiyyatı böhranın 2-ci mərhələsinə qədəm qoyub.
İtaliya əhalisinin, o cümlədən gənclərin işsizlik səviyyəsi yüksək
olan Avropanın əsas ölkələrindən birinə çevrilir.
Srağagün İtaliyada yanacaq qiymətləri rekord göstəriciyə qalxıb.
Yanacaq doldurma məntəqələrində satılan benzinin litrinin qiyməti 2
dollar 52 senti ötüb. Buna Mario Monti hökumətinin yürütdüyü vergi
artımı siyasəti təsir göstərib. Sürücülər əsas günahın yanacağı
satan şirkətlərdə deyil, hökumətdə olduğunu hesab edir və
qiymətlərin süni yolla dövlət tərəfindən artırıldığını iddia edir.