Ankarada Dünya Güney Azərbaycan Türklərinin I Forumu keçirilir
13 May 2012 12:39 (UTC+04:00)
Ötən gün Ankarada keçirilməsi
nəzərdə tutulan Dünya Güney Azərbaycan Türklərinin I Forumunun
əvvəlcədən elan olunmuş ünvanda keçirilməsinə icazə
verilməyib.
Bunu APA-ya Forumun Təşkilat
Komitəsinin rəhbəri, Azərbaycan Kültür Dərnəyinin sədri Camal
Məmmədxanoğlu deyib.
O bildirib ki, forumun Ankaradakı "Sürməli" oteldə keçirilməsi üçün
əvvəlcədən razılıq əldə edilsə də, ötən gün Ankara valiliyi
tədbirin təxirə salınması tələbi ilə təşkilatçılara məktub
göndərib. Valilik tədbirin keçirilməsinə icazə verilməməsini
təhlükəsizliyin təşkil olunmasında ortaya çıxa biləcək problemlərlə
əlaqələndirib.
C. Məmmədxanoğlu deyib ki, bu məktubdan sonra tədbirin oteldə
keçirilməsi mümkün olmayıb: "Lakin Dünya Güney Azərbaycan
Türklərinin I Forumu təxirə salınmayıb. Biz hazırda forumun
keçirilməsinə başlamışıq. Forumun işində 237 nəfər iştirak edir,
artıq çıxışlar da başlayıb".
C. Məmmədxanlı deyib ki, tədbir "Doğal Residans" oteldə keçirilir.
O qeyd edib ki, tədbirdə Milli Məclisin deputatları Sabir
Rüstəmxanlı, Fərəc Quliyev, xalq artisti Flora Kərimova və başqa
tanınmış şəxslər iştirak edirlər.
Təşkilatçının bildirdiyinə görə, forum bu gün işini başa
çatdıracaq.
O, forumun Güney Azərbaycan Milli Konseyinin yaradılması ideyasını
müzakirə edəcəyini də bildirib.
C. Məmmədxanoğlu qeyd edib ki, forum başa çatdıqdan sonra
təşkilatçılar tədbirin keçirilməsinə icazə verməyən Ankara
valiliyini məhkəmə verəcəklər.
Ankaradakı "Sürməli" oteldən tədbirin ləğv edildiyi bildirilsə də,
bunun səbəbi barədə açıqlama vermək istəməyiblər.
Ankara Polis İdarəsinin təhlükəsizlik bölməsindən isə APA-nın yerli bürosuna bildirilib ki,
təşkilatçıların Ankara valiliyinə göndərdiyi məktub qaydalara uyğun
olaraq, araşdırılması üçün onlara daxil olub: "Göstərilən vaxtda
tədbirin təhlükəsizliyinin təmin olunmasının mümkünsüzlüyü nəzərə
alınaraq, toplantının keçirilməsinə icazə
verilməyib".