"Ədəbsiz, heç bir sərhəd tanımayan, içiboş, yatıb yuxusunda gördüyünü səhər durub açıqlama kimi verən bir insanla qarşı-qarşıyayam"
Xalq artisti İlhamə Quliyeva Nazpəri Dostəliyeva ilə bağlı növbəti şok açıqlama verib.
Açıqlamada İlhamə Quliyeva bildirib ki, xalq artisti Nazpəri Dostəliyeva onun başına böyük miqdarda pul qoyubmuş. Sözügedən məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Nazpəri Dostəliyeva bu məlumatı İlhamə Quliyevanın onun barəsində yaydığı növbəti yalan, şayiə adlandırıb:
"Bu insan başdan-başa yalan danışır. İndiyədək onun dediklərinin içərisində bircə dənə də fakt tapıb ortaya qoymaq mümkün deyil. Həm onun sonuncu açıqlamasını, həm də bu günə qədər verdiyi açıqlamaların hamısını yazmışam, məhkəməyə təqdim edəcəm. Qoy baxıb, qiymət versinlər.
Bəzən insan istəmədiyi halda çamura düşür. Mən də indi o vəziyyətdəyəm. Ədəbsiz, heç bir sərhəd tanımayan, içiboş, yatıb yuxusunda gördüyünü səhər durub açıqlama kimi verən bir insanla qarşı-qarşıyayam. İnşallah nüfuzuma heç bir xələl gəlmədən bu çamuru təmizləyib, kənara atacam".