Azərbaycanın ABŞ-dakı səfirliyi ermənilərin növbəti yalanını təkzib etdi
3 Aprel 2012 19:51 (UTC+04:00)
Martın 24-də "Macəra və səyahət: unudulmuş Müqəddəs Torpağın kəşfi"
("Adventure & Travel: Discovering the Forgotten Holy Land," Off
Duty) jurnalında haqqında danışıldığı kimi Azərbaycan Ermənistan
ərazilərinə iddia etmir. Əksinə, Ermənistan Azərbaycanın
torpaqlarını işğal etməkdə davam edir. Bu barədə Azərbaycanın
ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nəsimi
Ağayevin "The Wall Street Journal"da dərc edilən məktubunda
deyilir.
"1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ
və ona bitişik yeddi rayon daxil olmaqla, beynəlxalq birlik
tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edib. İşğalın
qanunsuz xarakteri və Azərbaycan vətəndaşlarının işğal olunmuş
ərazilərdən qovulması beynəlxaql birlik, o cümlədən BMT
Təhlükəsizlik Şurası tərəfindən pislənilib", - Ağayev yazır. Onun
sözlərinə görə, turistlərin cəlb edilməsi və Ermənistanda ümumi
iqtisadi durğunluqla bağlı problemlərə gəlincə, əlbəttə ki, həlli
yubanan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizama
salınması Ermənistana öz qonşuları ilə bütün kommunikasiyaları
açmaq, regional inteqrasiyaya qoşulmaq, öz iqtisadiyyatını inkişaf
etdirmək və tam ölçüdə öz turizm potensialından istifadə etmək
imkanı verəcək.
Beləliklə, münaqişənin həlli Ermənistan əhalisinə uzun müddətdən
bəri gözlənilən firavanlıq gətirəcək. "Öz gələcəyi naminə
Ermənistan rəhbərliyinin müdriklik nümayiş etdirməsinin və
Azərbaycanla sülh danışıqlarında ciddi və konstruktiv iştirakının
vaxtı çatıb", - Ağayev yazır.