Ermənilər Gürcüstanda keçirilən festivalda «Sarı gəlin»i ifa etdilər

13 May 2012 21:37 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Mayın 12 – də Gürcüstanın Bolnisi şəhərində "Bolnisi 2012 - Vahid Səma Altında" adlı beynəlxalq musiqi festivalı keçirilib. Musiqi festivalına Gürcüstanın Bolnisi, Qardabani, Rustavi, Zalqa, Marneuli, Tetri-Skaro, Saqareco, Dmanisi və digər bölgələrin musiqi məktəblərində təhsil alan tələbələr və şəhər və rayonların ansamblları və eyni zamanda Ermənistanın İcevan şəhərindəki musiqi məktəbinin ifaçıları qatılıblar. Festivalı gürcü bəstəkarı Manana Alpaidze açıb.O, festivalın ənənəvi xarakter aldığını və hər il keçirildiyini bildirib.

M.Alpaidze həmçinin bildirib ki, Azərbaycanın Qazax rayonu da  festivala dəvət olunub.Amma müəyyən olmayan səbəblərdən Azərbaycan bu tədbirə qatıla bilməyib.

Festivalda 28 musiqi, mahnı, rəqs və pianoda ifa etmə, xor və digər nömrələr nümayiş etdirilib.Festivalda elan edilib ki, İcevan 2 saylı musiqi məktəbinin nümayəndəsi Araiq Edilyan Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i erməni xalq mahnısı adı ilə ifa edib.

Sonda Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə və Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusubov çıxış ediblər. Yusubov erməni musiqiçisinin Azərbaycan xalq mahnısı "Sarı gəlin"i çox gözəl ifa etdiyini festival təşkilatçılarının nəzərinə çatdırıb və musiqinin ölkələri birləşdirə biləcəyini bildirib.