Bakıda təmir olunan məktəbdə yanğın baş verib

19 İyul 2013 12:48 (UTC+04:00)

Ötən gecə Bakının Yasamal rayonu ərazisində yerləşən 167 saylı orta məktəbin ərazisində yanğın baş verib. Milli.Az xəbər verir ki, hadisə gecə saat 12:30 radələrində baş verib. 


Hadisə ilə bağlı Milli.Az-a açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib ki, 167 saylı məktəbdə hazırda təmir işləri həyata keçirilir. Ərazi təmir işlərini həyata keçirən şirkət tərəfindən də mühafizə olunur. 


"Təmir işləri ilə əlaqədar binadan çıxarılan köhnə materiallar məktəbin həyətində bir yerə yığılıb. Həmin yanğın kimsə tərəfindən qəsdən törədilməyib. Ora yığılan taxtalar quru olduğundan və güclü külək əsdiyindən, çox ehtimal ki, kənardan keçən kiminsə siqaret atması nəticəsində həmin materaillar alovlanıb. Bunu görən mühafizəçilər dərhal yanğın söndürmə xidməti ilə əlaqə saxlayıblar. Yanğın bir neçə dəqiqədən sonra söndürülüb", 


Yanğının başlamasında 15-20 dəqiqə sonra söndürüldüyünü deyən Z.Əliqızı bilidirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan başqa, təmir üçün alınmış yeni inşaat materialları da zərər görməyib. Yanğın sahəsi isə 20 kvadrat metr təşkil edib.