Azərbaycanda 200 peşə standartı hazırlanıb

19 İyul 2013 15:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "İSCO88/08-ə uyğun Təkmilləşdirilmiş Peşə Standartları və Əlaqədar Təlim Standartlarının hazırlanması" komponenti üzrə ölkəmizdə 200 peşə standartı hazırlanıb.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mövqe.az-a verilən məlumata görə, bu standartların hazırlanmasında əsas məqsəd respublikanın iqtisadi tərəqqisi şəraitində beynəlxalq tələblərə uyğun rəqabət qabiliyyətli kadrların yetişdirilməsidir. Hazırda İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartları inkişaf etmiş ölkələrin hamısında və inkişaf etməkdə olan ölkələrin bir çoxunda tətbiq edilir və bu standartlar həm dövlət, həm işəgötürən, həm də işçilər üçün olduqca gərəklidir.


Qeyd edək ki, adıgedən layihə çərçivəsində həmçinin 100 təlim standartının, 200 standart üzrə qiymətləndirmə formasının, peşə təsnifatının İSCO88/08-ə uyğunlaşdırılması məqsədilə təkliflər və Peşə Standartları Mərkəzinin yaradılması üçün hüquqi-institusional bazanın hazırlanması nəzərdə tutulur. Yaxın vaxtlarda isə respublikada əmək bazarının keyfiyyətinin yüksəldilməsi sahəsində institusional bazanın təkmilləşdirilməsi üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq.