LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

10 İyun 2020 08:04 (UTC+04:00)

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti bu sahədə mühüm göstəricilərə imza atıb. Bu da təsadüfi deyil ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 17 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. 
2004-cü ildən həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması da təsadüfi olmayıb, bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib. 2004-2008 və 2008-2013-cü illərdə həyata keçirilmiş regional inkişaf proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib. 
İnhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarının aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunub. Son 10 ildə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" (2004-2006-cı illər), "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və digər qanun, fərman və sərəncamlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verməklə, regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. 
Ümumilikdə, son illər ölkədə regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında və digər sənədlərdə sahibkarlığın inkişafı məsələsi qırmızı xətlə keçir. Bu proqramların icra olunduğu 16 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 10 dəfə, vergi daxilolmaları 15 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı 2014-cü ildən 35-dən çox şəhər və rayona öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etmək imkanı yaradıb. 
Regionlarda fiziki və hüquqi şəxslərin say artımına təsir göstərən mühüm amillər sırasında qeydiyyat prosedurlarının sadələşdirilməsi tədbirləri də mühüm yer tutur. Dünya Bankı tərəfindən açıqlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2020” hesabatına əsasən, Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.
Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər. Xatırladaq ki, Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildən sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin say artımına müsbət təsir edib. Azərbaycanda 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub. 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılıb. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə azalıb. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. 
2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə vergiləri internet üzərindən ödəmək imkanı yaradılıb. 2013-cü ildən başlayaraq Vergi Məcəlləsində edilən mütəmadi əlavə və dəyişikliklərin qüvvəyə minməsi,  o cümlədən "Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə başlanılması ümumən vergi mühitinin liberallaşmasına təsir göstərib. Dünya Bankının «Doing Business» qrupunun təhlili göstərir ki, «vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi» və «vergilərin ödənişi»nə sərf olunan vaxt «Böyük Səkkizlik» ölkələrində orta hesabla 219 saat (bu, dünyada orta göstəricidən  67 saat azdır),  İƏİT-ə üzv ölkələrdə 212 saat, Azərbaycanda isə 214 saatdır.
Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
Bütün bunlardan əlavə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın konkret olaraq 12-ci maddəsində də sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapıb. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulub. 
2013-cü ildə Milli Məclisdə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuluyyəti və cəzalandırılması məsələləri yer alıb.

S.Elmanoğlu