LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

11 İyun 2020 08:08 (UTC+04:00)

Son illər sahibkarlıq mühitinin liberallaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcminin yüksəldilməsi istiqamətində davamlı islahatlar həyata keçirilir. Hazırda dünyanın bir sıra nüfuzlu maliyyə-iqtisadi qurumları Azərbaycanda əlverişli investisiya mühitinin formalaşmasını, elektron xidmətlər sahəsində uğurlu nəticələrin əldə olunmasını, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasir tələblər səviyyəsində qurulmasını birmənalı təqdir edirlər.

Hazırda qarşıda duran mühüm vəzifələrdən biri də yerli idarəetmə orqanlarının fəaliyyətində "e-xidmət"lərin geniş tətbiqidir. Ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların vəzifə və səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi, habelə onların fəaliyyətində informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, bələdiyyə vergilərinin toplanması işinin yeni dövrün tələblərinə uyğun qurulması son dərəcə vacibdir. Bu sahədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlər Vergi Xidməti də qanunvericiliklə üzərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirir. Nazirlik yerli vergi və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə dəqiq riayət edilməsi sahəsində bələdiyyələrə zəruri metodiki dəstəyi göstərir.

Keçmiş Vergilər Nazirliyinin 2013-cü il 27 dekabr tarixli əmri ilə «Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait» və «Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, Ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait» təsdiq edilmişdir. Bu sənədlər bələdiyyələrin vergitutma sahəsində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına və onların maarifləndirilməsinə xidmət edir. Ötən illərdə vergi əməkdaşlarının bələdiyyə üzvləri üçün keçirdikləri treninqlərdə bələdiyyə vergisi ödəyicilərinin uçotunun aparılması; fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması və ödənilməsi qaydaları və digər məsələlər barədə geniş izahat verilmişdir.

Vergi xidməti orqanlarının bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə yerli (bələdiyyə) vergi ödəyicilərinin istifadəsi üçün «İnternet Bələdiyyə İdarəsi» (www.e-belediyye.gov.az) yaradılmışdır. Yerli (bələdiyyə) vergi ödəyiciləri bu sistemə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla və ya "ASAN imza" və mobil imzadan istifadə etməklə onlara təqdim olunan elektron xidmətlərdən yararlana bilərlər. Bu xidmətlərə yerli (bələdiyyə) vergi ödəyicilərinin torpaq və əmlakının onlayn qeydiyyata alınması, yenidən qeydiyyatı və qeydiyyatdan çıxarılması, şəxsi hesab vərəqəsinə baxış, hesablanmış vergilərə dair bildirişlərin əldə edilməsi, yerli (bələdiyyə) vergi ödəyicilərinin qeydiyyatda olduğu bələdiyyəyə onlayn müraciəti və digər elektron xidmətlər daxildir.

Belə bir layihənin reallaşdırılması həm də «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tələblərindən irəli gəlir. Konsepsiya ilə vergi orqanlarının qarşısında duran strateji hədəflərdən biri də məhz bələdiyyələrə müvafiq metodiki köməyin göstərilməsi, bu sahədə elektronlaşmanın həyata keçirilməsidir. Yeni pilot layihə maarifləndirmə məqsədilə treninqlərin keçirilmiş, ölkə bələdiyyələrinin bir

qisminin Bələdiyyə Vergi İnformasiya Sisteminə inteqrasiyası təmin edilmiş, onların işini müasirləşdirilmişdir.

Layihə əsasında bələdiyyələrə AVİS sistemində onlayn kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı imkanları yaradılmışdır. Bu sistemlə bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər öz əmlaklarını qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi ala bilirlər.

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi daxildir. Yerli ödənişlərin tərkibinə həmçinin, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər; bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödənişlər; bələdiyyələrin ayırdığı torpaq sahələrində stasionar, səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlər; mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlər; hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları üçün ödənişlər daxildir. Bələdiyyələr yerli rəy sorğusunun nəticəsinə əsasən, yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilərlər.

Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1 yanvarından qüvvədə olan Vergi Məcəlləsinə əlavə və edilmiş dəyişikliklər əmlak vergilərinin düzgün hesablanması və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Müvafiq dəyişikliklərə əsasən, respublikada əmlak vergisinin yığılmasına nəzarətin gücləndirilməsi məqsədilə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat əməliyyatları və daşınmaz əmlakın mülkiyyətçiləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən hər ayın 20-dək elektron formada Vergilər Nazirliyinə təqdim edilir.

Vergi Məcəlləsində əksini tapmış digər bir mühüm yenilik isə dəyişiklik daşınmaz əmlakın aylıq icarə haqqı məbləğlərinə bazar qiymətlərinin tətbiqi ilə bağlıdır. 2013-cü il yanvarın 1-dən etibarən daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilir. Bu zaman Vergi Məcəlləsinə müvafiq olaraq rəsmi mənbələrdən əldə edilmiş məlumatlar, dövlət və yerli icra hakimiyyətlərinin məlumat bazaları, vergi ödəyicilərinin bəyan etdikləri məlumatlar, eləcə də vergi qanunvericiliyi ilə istifadəsinə icazə verilən məlumat mənbələri bazar qiymətlərinin müəyyən edilməsi üçün əsas götürülür.

Son vaxtlara qədər əsas problemlərdən biri də əmlak vergisinin hesablanmasının hamı tərəfindən qəbul olunan dəqiq hüquqi mexanizminin mövcud olmaması idi. Sirr deyil ki, bələdiyyələr sənədsiz evlərdə yaşayan vətəndaşlardan əmlak vergisini toplaya bilmirdilər. Bundan başqa, fərdi evlərin qiymətləndirilməsi bəzən vətəndaşları qate etmədiyindən, onlar hesablanmış əmlak vergisini ödəmək istəmirdilər. Bəzi hallarda isə bahalı evlərin çox ucuz qiymətləndirilməsi hallarına rast gəlinirdi. Bütün bunlar əmlak vergisinin vətəndaşları qane edən tamamilə yeni kriteriyalar əsasında müəyyənləşdirmələri üçün qanunvericikdə müvafiq dəyişikliklərə ehtiyac yaratmışdı.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən, 2015-ci il yanvarın 1-dən fiziki şəxslərin əmlak vergisi 30 kvadratmetrdən çox

sahənin hər kvadratmetrinə görə hesablanır (30 kvadratmetr çıxılmaqla qalan hissədən vergi tutulur). Həmin dəyişikliyə əsasən, Bakı şəhəri üzrə fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 0,4 manat (40 qəpik) vergi bələdiyyə büdcəsinə ödənməlidir.

Bu sahədə şəffaflığın təmin edilməsi, nağdsız hesablaşmalardan geniş istifadə olunması məqsədilə yerli (bələdiyyə) vergi və ödənişlərin Mərkəzi Bank tərəfindən yaradılmış «Hökumət Ödəniş Portalı» (HÖP) infrastrukturu vasitəsilə yığılması barədə Mərkəzi Banka müraciət olunmuş və pilot olaraq seçilmiş 10 bələdiyyə HÖP-ə inteqrasiya edilmişdir. Bununla da yerli verginin ödəyiciləri HÖP-ə qoşulmuş bələdiyyə orqanları üzrə ölkənin istənilən regionundan «Azərpoçt» MMC-nin, habelə bankların 2000-ə yaxın ödəniş məntəqəsindən və infrastruktura inteqrasiya olunmuş özünəxidmət terminallarından nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və «Elektron hökumət» portalı vasitəsilə nağdsız formada ödənişlərini həyata keçirə bilirlər. Yuxarıda qeyd olunan istənilən üsulla yerli (bələdiyyə) vergilərin və ödənişlərin edilməsi üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən istifadə edilməklə həyata keçirmək olar.

Bu dəyişikliklər vətəndaşların əmlak vergisi ilə bağlı narazılıqlarının aradan qaldırılmasına, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, onların əmlak, torpaq və digər vergiləri daha səmərəli şəkildə toplamalarına yardımçı olmaq məqsədi daşıyır. Bu, həm nağdsız ödənişlərin inkişafına səbəb olur, həm də bələdiyyə vergilərinin toplanılması sahəsində şəffaflığı və hesabatlılığı gücləndirir.

S.Elmanoğlu