Yaşlı kişi hələ də gözlərinə inanmır
Ötən gün saat 17:00 radələrində Sabirabadın Nizami kəndində 29 yaşlı Tahir Atabala oğlu Əzizov idarə etdiyi "Hyundai Sanata" markalı 99 CP 823 dövlət nömrə nişanlı avtomobili ilə qəza törədib.
Sabirabaddan Hacıqabul istiqamətində yüksək sürətlə hərəkətdə olan sürücü əvvəlcə yolun kənarında dayanan Zəngilan qaçqını, 36 yaşlı Zalıyev Ruslan Əbülfəz oğluna məxsus "VAZ 2107" markalı avtomaşına çırpılıb. "VAZ 2107" markalı avtomobili yoldan çıxardıqdan sonra Minəxanov Qardaşxana məxsus yaşayış evinin divarını aşıraraq evə girib. Avtomaşının sürətlə daxil olduğu otaqda ev sahibi 82 yaşlı Minəxanov Qardaşxan yatmış vəziyyətdə olub. Xoşbəxtlikdən heç bir xəsarət almayan Qardaşxan Minəxanov, hələ də, gözlərinə inanmır.
Hadisə zamanı "Hyundai"ın sürücüsü Əzizov Tahir və sərnişin 25 yaşlı Əzizov Məzahir müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.