LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”

12 İyun 2020 08:08 (UTC+04:00)

Son illər Azərbaycanda uğurla gerçəkləşdirilən inkişaf strategiyası ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir: ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir. Ölkə rəhbərliyi hər bir konkret mərhələ üçün respublika qarşısında hansı problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir. 
Hərtərəfli müasirləşməyə zəmin yaradan bu inkişaf trendi son illər ölkə iqtisadiyyatının böhrana qarşı əzmkar müqavimətinə imkan yaratmışdır. Hökumətin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası göstərmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev neftin qiymətlərinin 2 dəfəyədək aşağı düşdüyü bir şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Son illərdə imzalanmış sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan konkret addımlar ölkədə iqtisadi islahatlar prosesində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. 
İqtisadiyyat Nazirliyindən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılmışdır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılmışdır. 
Azərbaycan Prezidenti İlham Əliyev son aylarda keçirdiyi onlayn müşavirələrdə koronavirusun pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə dəyərli fikirlərini bölüşmüş, hökumət üzvlərinə tapşırıq və göstərişlərini vermişdir. Bu müzakirələr dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə Azəraycanın yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrdə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir.
Keyfiyyətcə yeni mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə aktual iqtisadi çağırışlara cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi olmuşdur. Şübhəsiz, belə bir hökumətin formalaşdırılması istər ictimai münasibətlər sisteminin normal məcrada tənzimlənməsi, vətəndaşların hökumətə etimadının daha da artırılması, istərsə də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə yüksəldilməsi baxımından son dərəcə əhəmiyyətlidir. 
2020-cı ildə həyata keçirilən antiböhran tədbirlərinin ana xəttini yenə də qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması məsələləri təşkil edir. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru əhalinin daxili tələbatını və ixracdan əldə olunan gəlirləri təmin etmək iqtidarında deyildir. Məhz buna görə də dövlətimizin başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır. 
Əlbəttə, mövcud qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini; sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. Bu və digər praktik məqsədlərin həyata keçirilməsi məqsədilə ötən illərdə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı cənab İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiya yönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. Hələ l2016-cı ilin əvvəllərindən etibarən Azərbaycan Respublikasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür. 
Son illərdə qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət etmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması islahatlar üçün siyasi iradə nümayişi olmuşdur. 
Böhran dövründə ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi olmuşdur. İnvestorların Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştlərdən faydalanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunmuşdur. 
Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.
Bütün bunların nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötmüşdür. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir ki, 2020-ci ilin may ayının 1-nə respublika üzrə 1069762 vergi ödəyicisi qeydiyyatda olmuşdur. Onların 925818-i və ya 86,5 faizi fiziki şəxs, 143944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artmışdır. 
Ümumilikdə, həyata keçirilmiş kompleks tədbirlər 2020-ci ildə qeyri-neft sektorunun tez bir zamanda pandemiya böhranından çıxacağını deməyə ciddi əsaslar yaradır. 

S.Elmanoğlu