Emil Bədəlov: “Onlar elə bilirlər ki, oxuyanın başına qızıl tökürlər”

14 May 2012 12:04 (UTC+04:00)

Müğənni Emil Bədəlov bəzi həmkarlarında şikayətlənib. Movqe.Az xəbər portalının məlumatına görə, E.Bədəlov özündən sonra ifaçılıq sənəti ilə məşğul olan bəzi gəncləri madiyyatın gücünə məşhur olduğunu söyləyib.

Bu barədə E.Bədəlov Movqe.Az-a danışaraq, məsələni izah etməyə çalşıb. O, həmin ifaçıları kommersiya müğənniləri adlandırıb: "Hazırda o qədər müğənnilər peyda olub ki, maşallah, hamısının da imkanları var. Bizim mahnımız radio dalğalarında az səslənir. Çünki o qədər kommersiya müğənniləri çıxdı ki, pullarının hesabına mahnıları yayımlanır. Burada radionu günahlandırmıram. Radio özü də kommersiya şirkətidir. Demirəm ki, biz sənətkarıq, sayılıb-seçilənlərdənik. Amma yaradıcılıq baxımında seçilirik. Bizim öz məqamımız var".

Müğənni, bəzi həmkarlarını ifa etdikləri mahnıların yadda qalmamasından və həmin mahnıların bəsit olmasını qeyd etdi: "Həmin müğənnilərin ifa etdikləri mahnıların nə əvvəli , nə də sonu var. Amma həmin mahnılar radio dalğalarında səslənir. Səbəb isə həmin cavan oğlan və qızlardı ki, onların musiqi savadı oldu-olmadı, maddiyyatın gücünə süni reklam yaradırlar. Onlar elə bilirlər ki, oxuyanın başına qızıl tökürlər. Maraqlıdır ki, həmin ifaçıların mahnıları yayımlansa da, amma camaatın yadında qalmır", - E.Bədəlov dedi.

Müğənni, etdiyi şikayətinin qarşısını almaq üçün Bədii Şuranın yaradılmasını istəyir: "Qeyd etdiklərimin qarşısını almaq üçün Bədii Şura yaradılmalıdır. Belə bir qurum vaxtiylə var idi ki, onların təsir gücü də hiss olunurdu. Həmin şuralar o vaxtları lazım deyildi, əsas indi lazımdır", - E.Bədəlov söylədi.

Fuad Mədətov

Movqe.Az