İctimai Palata yalan məlumat yayır

3 Aprel 2012 19:52 (UTC+04:00)

"Onlar bu yolla cəmiyyətdə müxalifətin bir yerdə olması ilə bağlı rəy yaradırlar, ancaq əslində müxalifətin bir yerdə olmaması üçün çalışırlar"


Azadlıq Partiyasının sədri İctimai Palatanı yalan məlumat yaymaqda ittiham edir. "İctimai Palatanın koordinasiya şurası bəyan edir ki, guya digər müxalif qüvvələrlə fəaliyyətlərini koordinasiya edirlər, lakin bu, yalandır. İctimai Palata nə indiki aksiyası ilə bağlı, nə əvvəlki aksiyalarında heç vaxt bizim təmsil olunduğumuz Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına heç bir müraciət etməyib", - bunu Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc İctimai Palatanın planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib.

O bildirib ki, ancaq mətbuatda isə guya belə danışıqların, koordinasiyanın olması barədə yalan rəy verirlər.

"Lakin biz onları tədbirlərimizə dəvət edirik, ancaq onlar iştirak etmir və öz tədbirlərinə də bizi dəvət etmirlər. Onlar bu yolla cəmiyyətdə müxalifətin bir yerdə olması ilə bağlı rəy yaradırlar, ancaq əslində müxalifətin bir yerdə olmaması üçün çalışırlar", - partiya sədri deyib.

Onun sözlərinə görə, İctimai Palataya toplaşan siyasi qüvvələr 20 ildir cəmiyyəti aldatmaqla məşğuldurlar.

"8 aprel aksiyasında 20 ildir öndə olan eyni şəxslər, eyni şüarlardır. Onlar artıq cəmiyyəti bezdiriblər, onlara heç bir inam, heç bir ümid yoxdur. Onların yanında olan funksionerlərin böyük bir qismi maaş ilə saxlanılan və ya çarəsiz olaraq bunların ətrafında qalmış adamlardır", - Oruc bildirib.