Azərbaycan dövlətinin hər zaman gənclərdən umduğu bir məsələ var ki, o da dövlətçilik, vətənpərvərlik hissləridir. Trend-in məlumatına görə, bunu cümə axşamı "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi bildirib ki, o dövlətin gənclərinin həyatı dolğun, firavan, rahat olur ki, həmin dövlətin gənclərinin böyük əksəriyyəti təhsilli, mədəniyyətli olur, başqa dillərə, mədəniyyətlərə tolerant yanaşır, ətraf aləmdə mövcud olan yenilikləri kifayət qədər qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək baxımından praktik olur: "Sizin hər biriniz bir ailənin övladısınız, bir nəslin nümayəndəsisiniz, eyni zamanda, sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da hər bir insanın üzərinə əlavə bir məsuliyyət qoyur. Bu məsuliyyət nədir? Bu, dövlətin, xalqın mövcud varidatına sahib çıxmaq, onu inkişaf etdirmək, daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təyziqlərdən qorunma işində öz çiyinlərinizi bəlli sütunlar altına vermək, bəzi yükləri öz çiyinlərinizə götürmək, dövlətimizə, millətimizə sahib çıxmaqdır. Biz də gələcəyimizə tam əmin ola biləcəyik ki, gənclər dünyada rəqabətədavamlılıqla bərabər milli təəssübün daşıyıcılarıdır".
Ə.Həsənov bildirib ki, Azərbaycan Respublikasının bugünkü gənclər siyasətinin, daxili milli siyasətinin, sosial siyasətinin və informasiya siyasətinin də təməlində insan dayanıb, Azərbaycan vətəndaşı dayanıb: "Bu siyasətin təməlində ümummilli lider Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq durub. 1993-2003-cü illər ərzində formalaşan, həyata keçirilən bu siyasətin xüsusi qanadını gənclər siyasəti təşkil edir. Və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsi məhz Azərbaycan insanı, onun zənginləşdirilməsi, həyatının firavanlaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni, mənəvi və digər yeniliklərlə dolğunlaşdırılması və Azərbaycan dövlətinin daxili həyatında bir tamlıq yaradılmasından ibarətdir".
PA rəsmisinin sözlərinə görə, "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının fəaliyyətinin məqsədi, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin istifadəsinin dolğunlaşdırılması, asanlaşdırılması və gənclərin bu sahədə olan biliklərə yiyələnməsi, ikincisi, gənclər siyasətinin özünün dolğunlaşdırılması, gənclərin qəlbinin dərinliklərində yatan ideyaların, təşəbbüslərin sosial bloqlara çıxarılaraq bölüşdürülməsi və ən əhəhmiyyətli olanlarının dövlət siyasətinə tətbiq olunması, üçüncü isə sosial məsələ - gənclərin mövcud həyatının, biliklərinin, mövcud vərdişlərinin, ailədə aldığı tərbiyənin dövlətə, dövlətçiliyə bağlılıqla bağlı dövlətimizin, millətimizin inkişafına yönəldilməsi və tətbiq olunmasıdır.