Bazar günü imtahandır

26 İyul 2013 12:52 (UTC+04:00)

İyulun 28-də IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək .Movqe.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında qrup üzrə imtahanın respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində keçiriləcəyini deyib. Onun sözlərinə görə, IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir. 6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənc isə 1998-ci ildəndir.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən  IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 25-dən avqustun 1-dək qabiliyyət imtahanı verməlidirlər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.