Ordumuzun gücü torpaqlarımızı azad etməyə qadirdir

23 İyul 2020 15:26 (UTC+04:00)

Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən müvəqqəti yaşadıqları ünvanlarda bütün sosial qayğılarla əhatə olunur. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı qəbul olunan dövlət proqramları, imzalanan fərman və sərəncamlar bu sahəyə ölkə başçısının diqqətinin nəticəsini əks etdirir. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva  Ölkə Başçısının keçirdiyi görüşlərdə iştirak etməklə yanaşı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalarda onlarla görüşür, onların problemlərini dinləyir, tapşırıq və tövsiyyələrini bildirir. Məcburi köçkünlər üçün salınmış qəsəbə və yaşayış məntəqələrində infrastrukturun təmin edilməsi məqsədilə orta təhsil məktəbləri, uşaq bağçaları, klub-icma və mədəniyyət mərkəzləri, tibb məntəqələri, mərasim eviləri və digər bu tipli obyektlər  istismara verilir.
2016-cı ilin Aprel zəfəri Azərbaycan xalqının öz torpaqlarının işğal olunması ilə heç zaman barışmayacağını bir daha sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad olunan ərazilərdə qurulan qəsəbələrdə insanların rahatlığı üçün zəruri olan və müasir tələblərə cavab verən hər cür infrastruktur yaradıldı.
 Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində 2020-ci ilin iyul ayının 12-də düşmən tərəfin xaincəsinə ordumuzun mövqelərini və dinc sakinlərimizin yaşadıqları kəndləri atəşə tutması nəticəsində hərbi qulluqçularımızın və dinc sakinmizin şəhid olması Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut etmiş oldu. Ancaq düşmənə qarşı görülən sərt cəza tədbirləri ordumuzun gücünü göstərməklə yanaşı hər an işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğunu da təsdiqləmiş oldu. 10 minlərlə vətəndaşımızın ordu sıralarına qatılmaq üçün könüllü müraciət etməsi xalqımızın birliyinin və Ölkə Başçısına olan inamının göstəricisidir.
Prezident İlham Əliyev qaçqınların və  məcburi köçkünlərin problemlərinin həllini ölkədə  ən prioritet məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Dövlətimizin başçısının bu sahədəki fəaliyyətinin xronikası onun qaçqınlara və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının nə qədər geniş və əhəmiyyətli olduğunu bariz şəkildə əks etdirir.  
İşğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial problemlərin həlli Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilir, məcburi köçkünlərdə tezliklə öz doğma yurdlarına dönəcəklərinə əminlik yaradır.

Nəsimi rayonunda məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Misirxanov Misirxan