Nabranda daha iki istirahət mərkəzi cəzalandırıldı

29 İyul 2013 14:17 (UTC+04:00)

Xaçmaz rayonu, Nabran kəndində yerləşən "Atlant" MMC-yə məxsus istirahət mərkəzi və "Nişanə" MMC-yə məxsus "Malibu" istirahət mərkəzində standartların tələblərinə və sanitariya normaları pozulub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Movqe.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən "Atlant" MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə bir həftə ərzində dövlət nəzarəti tədbirləri həyata keçirib.Araşdırma zamanı müəssisənin mətbəxləri ümumi vəziyyətinə görə ГОСТ 30390-95 və СаН Пин 42-123-5777-91 normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar olunub. Yoxlamalar zamanı o da bəlli olub ki, mətbəxlər antisanitar vəziyyətində, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmayıb. Bundan başqa ГОСТ 30390-95 standartına əsasən hazır yeməklər 3 saat ərzində istiliyini saxlaya biləcək tempraturda saxlanılmaq şərtilə istehlakçıya verilməli olduğu halda, müəssisədə standartın tələbləri pozularaq yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir. Aparılmış monitorinqlər zamanı yeməklərin hazırlanmasında istifadə olunan düyü, qarabaşaq, lobya, ədviyyatlar və s. məhsullar zərərverici həşəratlara yoluxmuş vəziyyətdə aşkar olunub. Xammallarla yanaşı bir neçə ədəd siçan tələsinin qoyulması burada mövcud vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan müxtəlif çeşidli mürəbbə (gilas, çiyələk, albalı), bal, xama, 40 kq pendir və üzəri kif qatı bağlamış 33 ədəd 3 litrlik müxtəlif kompotlar, yararlılıq müddəti bitmiş sosiska məhsulları aşkar edilib. Yeməklərin hazırlanmasında istifadə olunan xammalın və çörəyin gigiyenik və uyğunluq sertifikatları mövcud olmamayıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərzaq məhsullarının və ictimai iaşə xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsi və xidmətin Xaçmaz Ərazi İdarəsi tərəfindən "Nişanə" MMC-yə məxsus "Malibu" istirahət mərkəzində də yoxlamalar aparıb. Araşdırma zamanı istirahət mərkəzinin mətbəxlərinin ümumi vəziyyətinin normativ sənədlərin tələblərinə uyğun olmadığı, istifadə olunan xammalların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, mətbəxin antisanitar şəraitdə saxlanıldığı müəyyən olunub. Həmçinin yemək hazırlanması üçün istifadə olunması nəzərdə tutulan düyü məhsulunun, o cümlədən qazanın içində tarakan həşəratlarının olduğu, 14 ədəd xəmir mayasının, 2 ədəd alma esensinin (uksus), 2 litr həcmdə soya sousunun istifadə müddətinin bitdiyi müşahidə olunub. Bundan başqa müəyyən olunmuşdur ki, ət məhsulları açıq şəkildə sellofan paketdə, balıq donu açılmış şəkildə soyuducuda saxlanılır. Mətbəxdə həşəratlara və zərərvericilərilər qarşı istifadə olunan dərman vasitələri ərzaq məhsulları ilə yanaşı saxlanılır.Hazır məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqlarının nəticələri də məlum olub. Müəyyən olunub ki, yoxlanılan məhsullar təhlükəsizlik göstəricilərinə görə normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, "Atlant" istirahət mərkəzində istehlakçılara təqdim olunan paytaxt salatında bağırsaq çöpü qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri, mimoza salatında isə bağırsaq çöpü qrupundan olan bakteriyalar və E.coli mikrobları aşkar edilib. "Malibu" istirahət mərkəzindən götürülmüş nümunələrdən kələm və paytaxt salatında bağırsaq çöpləri qrupundan olan bakteriyalar, S.aureus, E.coli mikrobları və maya göbələkləri aşkar edilib.Aşkar olunmuş qanun pozuntularla əlaqədar olaraq "Nişanə" MMC-yə məxsus "Malibu" istirahət mərkəzində "kələm" və "paytaxt" salatlarının hazırlanması və satışı, "Atlant" MMC-də çörəyin, "mimoza" və "paytaxt" salatlarının hazırlanması və satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq istehlakçı hüquqularının pozulması faktına görə hər iki müəssisə ilə bağlı inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.