Mikayıl Cabbarov universitet rektoruna şiddətli töhmət verdi
30 İyul 2013 18:15 (UTC+04:00)
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov
vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olub.
Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, səfər
çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyevlə görüş keçirilib. Görüşdə təhsil müəssisələrinin təmiri və
maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər
müzakirə olunub. Həmin gün Gəncə Dövlət Universitetində yerli
təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə
keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir,
Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər
rayonlarının təhsil şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilib,
nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının
rəhbərlərinə tapşırıqlar verilib. Gəncə Dövlət Universitetində
imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların
qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir
tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu
xəbərdarlıqla şiddətli töhmət elan olunub.