Bakı İrəvanı sarsıdacaq daha bir addım atır

6 Avqust 2020 08:21 (UTC+04:00)


Azərbaycan Milli Məclisi dövlət büdcəsinə yenidən baxır.   Bu dəfə də büdcədə hərbi xərclərin artırılması nəzərdə tutulur.
Ehtiyatda olan polkovnik-leytenant  İbrahim Rüstəmli bildirdi ki, dövlət büdcəsində hərbi xərclərin artımı sülh yolu baş tutmadığı halda torpaqlarımızın güc yolu ilə işğaldan azad edilməsi və bu müstəvidə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə hesablanmış  addımdır: “Azərbaycanda  ordu quruculuğu məsələsi artıq uzun müddətdir ki, ölkə rəhbərliyi tərəfindən prioritet məsələ olaraq önə çıxarılır.  Yəni ordu quruculuğu məsələsi Azərbaycan dövlətçiliyi tarixində ilk dəfədir ki, bu qədər önəmli şəkildə dəyərləndirilir. Bütün bunların arxasında da Azərbaycan dövləti və xalqının  milli maraqları ilə bağlı məsələlər dayanır. 
Azərbaycan hər tərəfdən düşmənlə əhatə olunmuş kiçik bir dövlətdir. Onun haqqı, hüququ tapdalanıb. Torpaqlarımızın 20 faizi işğal olunub və bu işğal faktı bütün dünya birliyi tərəfindən  birmənalı şəkildə tanınıb.  Azərbaycan həm də sülhpərvər dövlətdir, müharibə istəmir.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dəfələrlə bildirib ki, ölkəmiz müharibə istəmir. Yəni Azərbaycan Dağlıq Qarabağ probleminin  sülh yolu ilə həllinə  tərəfdardır. Ancaq bununla bərabər problemin həlli uzun illərdir ki, öz məntiqi nəticəsinə çatmır. Ona görə də hadisələrin bu cür inkişafı fonunda ölkəmizdə  ordu quruculuğu məsələsi  aktiv fazada saxlanılır.  Hər il olduğu kimi, çox güman cari ildə, habelə gələcək illərdə  də dövlət büdcəsindən  ordu quruculuğuna ayrılan vəsaitin miqdarı artacaq.  Ordu quruculuğuna ayrılan vəsaitlərin ilbəil artırılmasına həm hüquqi, həm siyasi, həm də hərbi baxımdan Azərbaycanın tam haqqı var.  Çünki bu haqq beynəlxalq hüquq tərəfindən də qorunur.   
Müharibənin olmasını arzulamırıq. Sadəcə işğal olunmuş ərazilərimizin boşaldılmasını istəyirik və bu yolda qisasçılığa da köklənməmişik. Azərbaycan qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunmasıdır.  Bu mümkün olmasa təbii ki, Azərbaycan öz hüququnu Silahlı Qüvvələr vasitəsilə qorumağa məcbur olacaq.  Ona görə də ordu quruculuğu məsələsini həm dövlət , həm siyasi, həm də hərbi səviyyədə bir nömrəli vəzifə kimi öndə saxlayırıq”.
Politoloq İlqar Vəlizadənin fikrincə, son olaylar göstərir ki, hərbi xərclərimizin daha da artırılması zəruridir: “Ona görə ki, qarşı tərəf dinc dayanmır, torpaqlarımızı işğal altında saxlamaqda davam edir.  Tez-tez təxribatlara əl atır.  Bir neçə həftə öncə Azərbaycan Müdafiə nazirinin verdiyi açıqlama  onu göstərir ki, dövlətimiz hazırda hərbi quruculuq sahəsində  modernləşdirmənin son mərhələsindədir.  Bu istiqamətdə də müəyyən tədbirlər görülür.  Hərbi texnika ilə təchizat sahəsində yeni avadanlıqlar alınmalıdır.  Müasir müharibədə istifadə olunan  texnika və informasiya texnologiyasının tətbiqi nəzərdə tutulur.   Bu proqramların həyata keçirilməsi üçün də büdcədə hərbi xərclərimiz artırılır. 
Bütün hallarda indiki şəraitdə münaqişənin hərbi yolla həlli  variantı əsas variant kimi istifadə olunur. Danışıqlar prosesində durğunluq var.  Eyni zamanda, İrəvanın təxribatları və bu təxribatların coğrafiyası artır. Artıq Azərbaycan Ermənistan sərhədində şiddət yaşanır.  Bunlar hamısı onu göstərir ki, ölkəmiz üçün əsas məsələ ordunun daha da gücləndirilməsidir.  Çünki belə vəziyyətdə hərbi variant  daha önəmlidir”.
R. SOLTANOV