Ermənistan-Rusiya münasibətlərində həlledici mərhələ yaxınlaşır

7 Avqust 2020 09:15 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan Rusiya kanalları da daxil olmaqla, xarici televiziya kanallarının multipleks yayımlarını məhdudlaşdıran qanunu imzalayıb. Aydındır ki, burada əsas hədəf rus kanallarıdır. Nəticə isə ondan ibarət olacaq ki, Rusiyanın Ermənistan əhalisinə təsiri ciddi şəkildə zəiflədəcək. İndi siyasi analitiklərin müzakirə etdiyi məsələlərdən biri Kremlin bu addıma verəcəyi cavabdır. Hazırda Ermənistan və onun hakimiyyəti ətrafında aparılan informasiya qalçmaqalı ölkədə gərginliyin gücləndirilməsinə yönəldilib. İnformativ qalmaqalların başında isə Rusiyanın maliyyələşdirdiyi mənbələr durur. İlk növbədə Ermənistanın özündəki ruspərəst “5-ci kolon” iş başındadır.
Məsələn, Amulsar mrayonundakı faydalı qazıntı yatağı ətrafında mübahisələr barışmaz ziddiyyət kimi təqdim olunur. Qəribədir ki, iqtisadi vəziyyətin ağır olduğu, iş yerlərinin gündən-günə azaldığı bir ölkədə özünün maliyyə imkanı olmadığından xarici şirkətin gəlib iş qurması, əhalinin müəyyən qismini işlə təmin etməsi bir qrup yerli sakinin ciddi müqaviməti ilə qarşılaşır.

Bir tərəfdən baş nazirdən iş tələb edilir, digər tərəfdən iş yerlərinin açılmasına etiraz edirlər.

Səbəb? Guya ölkədə ekoloji tarazlığın pozulmasının qarşısını alırlar. Və bu etiraz aksiyalarını Rusiyanın maliyyələşdirdiyi internet resursları səylə yayırlar.
“Vətəndaş müqaviləsi” partiyasının İrəvandakı ofisində avqustun 5-də hakim “Mənim addımım” blokunun parlament fraksiyası 3 saat davam edən bağlı iclas keçirib. Bu haqda fraksiyanın üzvü, deputat Ovik  Aqazaryan “Novosti Armeniya” agentliyinə bildirib. O qeyd edib ki, iclasda Konstitusiya məhkəməsinin sədri postuna göstəriləcək namizəd müzakirə edilib.  Hələlik 3 namizəddən heç biri lazımı üstünlüyü qazana bilməyib. Ancaq əsas mübarizə parlamentdə səsvermə zamanı olacaq. Çünki “5-ci kolon” gizli üzvlərinin namizədi də ortaya çıxacaq və kimin seçilməsi mübarizənin sonrakı gedişatında ciddi amil olacaq.
Digər tərəfdən, artıq ermənilərin Rusiyadakı “5-ci kolon”u da işə qoşulub. Rusiyanın informasiya məkanında pay və söz sahibi olan Marqarita Simonyan artıq neçənci dəfədir ki, Ermənistanın baş naziri Nikol Paşinyan barədə kəskin və aşağılayıcı fikirlər söyləyir, erməni “inqilabçı”nı açıq-aşkar təhqir edir. Simonyan “köhnə palan içi qurdalayır” və məsələn, 15 il əvvəl, 2005-ci ildə Nikol Paşinyanın jurnalist fəaliyyətində yol verdiyi boşluqlar barədə indiki situasiya üçün müəyyən nəticələr çıxarır. Ermənistanın “5-ci kolon”undan Marqaritaya hay verənlər də çoxdur.  İş burasındadır ki, baş nazir ətrafı onu şəxsiyyətcə şişirdərək az qala milli qəhrəman həddinə qaldırmaq istəyirlər. Təsadüfi deyil ki, Respublika partiyasının sədr müavini Eduard Şarmazanov Paşinyan haqda istehza ilə deyir ki, “tezliklə Şuşanın alınması planının Nikol tərəfindən hazırlamasını, Berlinə hücumun və Talış kəndinin azad edilməsinin də ona aid olmasını eşidəcəyik”. Koronavirus pandemiyası ilə mübarizədə hökumətin kəskin tənqid edilməsi onsuz da onun nüfuzdan düşdüyünü göstərir. “5-ci kolon” isə əsas zərbə məqamını gözləyir.
Heç şübhəsiz bütün bu fəaliyyətlər Kremlin göstərişləri əsasında həyata keçirilir və Moskvadan da həlledici zərbə gözlənilməyən yerdən vurula bilər. Bu, Ermənistanda Kremlin həyata keçirəcəyi ikinci “inqilab” ssenarisi ola bilər. Heç kim zəmanət verə bilməz ki, Amulsarın davasını edənlərin etiraz aksiyasıları ümumölkə miqyasına çevrilə bilməz. Yaxud, pandemiya qurbanlarının ailələri birdən-birə ayağa qalxıb hakimiyyəti dəyişmək uğrunda mübarizəyə qoşulmayacaqlar. Daha bir istiqamət Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı mübarizənin formulundan Kreml çox geniş və səmərəli şəkildə istifadə edə bilər. Çünki Rusiyada onrla, bəlkə də yüzlərlə sayt rus politoloqların “Qarabağ Azərbaycan torpağıdır” rəyini sürətlə tirajlayır. Bəyəm, indiyədək həmin şəxslər həqiqəti bilmirdilər? Münaqişənin həqiqi mahiyyəti heş kimə yox, məhz ruslara əvvəldən tam bəllidir. Sadəcə, indi bu barədə danışmağa başlayıblar. Düzdür, bu cür dönüş xeyli dərəcədə Azərbaycan diplomatiyasının uğurlu gedişlərinin nəticəsidir. Amma Cənubi Qafqaz üzərində yaranmış beynəlxalq situasiya da Kremlin həqiqəti aşkarlamasına səbəb olur.
Düşünürük ki, Kremlin əlindəki ən güclü alət Qarabağ münaqişəsidir. Son məqamda o, Azərbaycanın əlinə limitli kozır da verə bilər. Təki, Qərb Ermənistanı ələ keçirə bilməsin. Çünki bu amil Rusiyanın Qafqazlardan çıxmasına səbəb olar.
N.NOVRUZ