Kreml diaspora qarşı sərt siyasətə keçir

7 Avqust 2020 08:28 (UTC+04:00)

Rusiyanın sabiq Baş naziri, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Azərbaycan və erməni diasporlarını məsuliyyətli olmağa çağırıb. O, Rusiyada Ermənistan və Azərbaycandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib: “Bütün bunlar, yəni Dağlıq Qarabağ münaqişəsi xarici problemdən daxili problemə çevriləndə, bu diasporlar da öz məsuliyyətlərini hiss etməlidirlər”.
Qeyd edək ki, Tovuz istiqamətində iyulun ortalarında Ermənistanın tprətdiyi təxribatlardan sonra dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada azərbaycanlı və erməni əsilli nümayəndələr arasında müəyyən ziddiyyətlər meydana çıxdı. Azərbaycanlıların bu fonda erməni vəhşilikləri və təxribatlarına qarşı dinc etirazlarına, düşmən tərəfin xarici ölkələrdəki adamları aqressiv hərəkətlərə yol verməklə aranı qarışdırmaq, dava salmaq yolunu tutdular.  Bu isə aydın məsələ idi ki, həmin ölkələrin, o cümlədən Rusiya hökumətində müəyyən narahatlıq yaratmalı idi, necə ki, yaradıb. Görəsən, Medvedyevin bu xəbərdarlığı nəyi nəzərdə tutur? Dispor üçün Rusiyada problem yaradıla bilərmi?
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Rusiya azərbaycanlılarla ermənilər arasında yaranan problemin öz daxilində icmalararası iğtişaş səviyyəsinə çatmasını istəmir: “Rusiya yəni daxildə əmin-amanlıq, sabitliyi qoruyub saxlamaq istəyir.  Oradakı ermənilər və azərbaycanlılar Rusiya vətəndaşlarıdır. Moskva başa düşür ki, yaranmış problemə müdaxilə etsə, bu vəziyyət Rusiyanın hər iki ölkə ilə münasibətlərini kəskinləşdirə bilər. Yəni azərbaycanlıları müdafiə etsə, Ermənistanla,  erməniləri müdafiə etməklə isə Azərbaycanla münasibətlərin pisləşə biləcəyindən ehtiyat edir. Çünki,  prosesə müdaxilə edərək, hər hansı bir tərəfin nümayəndələrinə dəstək versə, azərbaycanlılar və ermənilər bunun günahını nə Ermənistan, nə də Azərbaycanda deyil, Rusiyada görəcəklər. Yəni hər tərəf özünü haqlı hesab edirək, baş verən olaylara görə həbs olunanlar məsələsində Rusiyanı günahkar sayacaqlar”.
Digər tərəfdən, həmsöhbətimizin fikrincə, Rusiya öz daxilində sabitliyin pozulmasını istəmir: “Çünki bu hal daxildə millətlərarası toqquşmalara səbəb ola və proses nəzarətdən çıxa bilər. Nəzərə alaq ki, Sovet imperiyasının çökməsi də məhz Dağlıq Qarabağdakı separatçı hərəkatdan başladı və sonradan bütün SSRİ-nin çökməsilə nəticələndi. Millətlərarası münasibətlər Rusiyanın zəif yeridir. Nəzərə alaq ki, Rusiyada yüzlərlə xalqın nümayəndəsi yaşayır. Ona görə də Rusiya millətlərarası ədavətin qızışmasında maraqlı deyil. Çünki bu hal domina effekti verə bilər.  Bu gün ermənilərlə azərbaycanlılar davaya başlayacaq. Sabah isə Rusiyada yaşayan digər xalqlar onlardan hər hansı birinin müdafiəsinə qalxacaq, hətta ona baxıb digər bir-birindən narazı xalqlar da ədavəti qızışdıra bilərlər.  Kreml bundan qorxur. Ona görə də istənilən millətlərarası münaqişələri öz sərhədlərindən kənarda saxlamağa çalışır.  Belə vəziyyət onun marağına daha uyğundur.   Rusiya millətlərarası münaqişənin qızışmasını o zaman istəyəcək ki, bu proses dövlət olaraq onlara lazım olsun. O zaman belə qızışdırıcı addımlara gedəcəklər. Rusiya belə proseslərə göz yumub özü onda maraqlı olsa, prosesləri də öz istəyinə uyğun məcraya yönəldəcək. İndiki halda isə baş verən proseslər Rusiyaya lazım deyil. Ona görə də Rusiya buna mövqe bildirməli idi və bildirdi. Amma pərdə arxası oyunlarda nə baş verdiyini, bunu Rusiyanın özü başlayıb-başlamadığını deyə bilmərik. Bu da, o da ola bilər. Hər halda, Rusiya öz nəzarətindən kənar körtəbii proseslərin başlamasını istəmir”.
Politoloqa görə, Medvedyevin bu xəbərdarlığının Rusiyadakı Azərbaycan diasporuna heç bir problem yaratmayacaq. Çünki onsuz da oradakı diasporumuz çox zəifdir və hər hansı bir təsir gücünə malik deyil:  “Azərbaycan diasporu Rusiyada çox zəifdir, yox dərəcəsindədir. Diasporamız Rusiya hakimiyyətinin qərarlarına zəif də olsa təsir etmək və bundan öz Vətəni üçün istifadə etmək gücündə deyil. Onlar hələ bir dəfə də olsun Rusiyanın Azərbaycanın xeyrinə hər hansı bir qədər qəbul etməsinə təsir edə bilməyib. Oradakı diasporamız parçalanmış vəziyyətdədir, bir-birilə yola getmirlər. Buradakı diaspora təşkilatlarının çoxunun da Rusiya Xüsusi Xidmət orqanları ilə əlaqədə olduğu bildirilir. Bu mənada Medvedyevin xəbərdarlığının Rusiyadakı Azərbaycan diasporasına heç bir problem yaratmayacaq. Onsuz da özləri bir-birini qırmaqla məşğuldurlar.  Özləri onsuz da aciz durumdadırlar. Proses istənilən halda Rusiyanın istəyinə uyğun gedəcək. Nə Azərbaycan, nə də Ermənistan icması orada Kremlin  istəyindən kənar heç nə edə bilməz”.
Rüfət NADİROĞLU